İcbari Tibbi Sığorta ilə bağlı yeni layihəyə start verildi

08.07.2020 Sığorta
İndiki pandemiya dövründə sağlam olmaq, virusdan qorunmaq və xəstəlikdən tezliklə qurtulmaq hər kəsin arzusudur.

Azərbaycanda bütün ölkə üzrə tətbiqi təxirə salınan icbari tibbi sığorta bu məsələlərin həllinə nə dərəcədə yardımçı olacaq? İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin icrasına başladığı yeni "İcbari tibbi sığortanın internet mediada təbliği" layihəsi bu mövzuya həsr olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ilə icra olunacaq layihənin tərəfdaşı qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çıxış edir.

Pravda.az xəbər verir ki, layihə çərçivəsində “Sağlam və sığortalı” adlı 6 məlumatlandırıcı xarakterli internet TV proqramının hazırlanması və yerli internet TV ilə yanaşı, sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulub. Verilişlərdə pandemiya dövründə icbari tibbi sığorta, icbari tibbi sığortanın dəyəri, indiyədək əldə olunan nəticələr və s kimi mövzularda müzakirələr aparılacaq. Verilişlərdə ekspert qismində həkimlər, İcbari Tibbi Sığorta Agentliyinin, Azərbaycan Tibb Universitetinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Milli Məclis, yerli səhiyyə idarələri, xəstəxanalar, özəl klinikaların nümayəndələri və s nümayəndələri, yerli səhiyyə idarəsinin təmsilçiləri iştirak edəcək, sığorta ilə bağlı sualları cavablandıracaqlar.

Televiziya ilə yanaşı, layihə çərçivəsində bəzi media orqanları və xəbər saytlarında mövzu ilə bağlı məqalələrin dərci planlaşdırılır. Çünki təbliğat və maarifləndirmənin mühüm elementlərindən biri də silsilə məlumat və yazılardır. Odur ki, layihə boyunca icbari tibbi sığortanın üstünlükləri, tətbiq qaydaları, xidmət zərfləri, güzəştli təbəqələr, tətbiq olunduğu ilk aylarda ortaya çıxan problemlər, digər ölkələrin təcrübəsi və s. barədə araşdırma yazının hazırlanıb aparıcı media orqanlarından paylaşılması nəzərdə tutulur.