"Bəzi sığorta şirkətləri bazarı tərk edəcək" - VİDEO-MÜSAHİBƏ

09.08.2018 Sığorta
"Azərbaycanda hazırda 21 sığorta şirkəti var və bu, ərazisi Türkiyədən dəfələrlə kiçik olan ölkə üçün yetərli saydır".

Bunu "Kommersant.az"a video müsahibəsində sığorta mütəxəssisi Xəyal Məmmədxanlı deyib. O bildirib ki, Türkiyədə təxminən 41-42 sığorta şirkəti var. Azərbaycandakı mövcud sığorta şirkətlərinin bir neçəsinin isə bazarı tərk etmə ehtimalı var:

"Dünyada yeganə məhsul sığorta məhsuludur ki, müştəri onun üçün sizə pul verir, siz də müştəriyə onun əvəzində söz verirsiniz. Müştərinin sizin verdiyiniz sözə inana bilməsi üçün aranızda çox ciddi etibar və etimad münasibətləri olmalıdır. Yeni yaranan sığorta şirkətinin sabahdan bazarın liderinə çevrilməsi absurddur. Çünki bu inam və vaxt tələb edir".

Ekspert, Azərbaycanda müasir sığortaçılığın inkişafından da danışıb. Bildirib ki, ölkədə sığortaçılığın dövlət tənzimlənməsinə 2001-ci ildən başlanılıb.

"2001-ci ildə sığorta nəzarəti xidmətinin Maliyyə Nazirliyinin nəzarətinə keçməsi ilə sığorta şirkətlərinin maliyyə kapitallarına ciddi tələblər qoyuldu. Sığorta şirkətlərinin kapitallaşmasına olan tələblər, o cümlədən, sığorta şirkətlərinin rəhbərliyinə, idarə heyətinə qarşı tələblər nəticəsində digər şirkətlər bazarı tərk etməyə başladılar".

X.Məmmədxanlı eyni zamanda sığorta şirkətləri, o cümlədən, sığorta vasitəçiləri arasında gedən çirkin rəqabət məsələsinə də toxunub. Qeyd edib ki, ən böyük rəqabət icbari sığorta sahəsindədir. Sığorta eksperti bildirib ki, Azərbaycanda icbari sığortaya ciddi marağın artması sayəsində digər könüllü sığorta növləri kənarda qalır.

Daha ətraflı video müsahibədə: