USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"DİM öz funksiyasından kənar işlər görür" - Ekspert

13.03.2023 Digər
12 3
“12 mart tarixində keçirilən buraxılış imtahanları ilə bağlı narazılıq və narahatçılıqların səngiməməsi başa düşüləndir. Çünki istər 5 mart, istərsə də 12 mart tarixlərində keçirilən buraxılış imtahanlarında hər üç predmet, yəni Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə sualların hazırlanmasında çox ciddi nöqsanlar üzə çıxıb".

Kommersant.az xəbər verir ki, bu sözləri bazar günü keçirilən imtahanlarla bağlı narazılıqları şərh edən təhsil eksperti Elmin Nuri deyib.

Ekspert bildirib ki, səhvlər təkcə sualın qoyuluşunda olmayıb:

"Hər iki imtahanda riyaziyyatla bağlı verilən suallarda konkret yalnışlıqlar var idi. Bu məsələnin bir tərəfidir. Məsələnin digər ondan ibarətdir ki, əgər bir sual orta məktəb təhsil proqramına uyğun, şagirdin real düşüncə bacarıqlarına aid deyilsə, o sualın həlli doğru olsa belə, bu meyarlara görə yalnış hesab olunmalıdır. Dövlət İmtahan Mərkəzi artıq uzun illərdir ki, Elm və Təhsil Nazirliyi ilə az qala alternativ şəkildə fəaliyyət göstərir. Halbuki onun işi imtahanın təşkili və nəticələri hazırlamaqdır".

Elmin Nuri bildirib ki, DİM bu gün Azərbaycan təhsilinin ümumi mənzərəsini az qala müəyyən edən bir qruma çevrilib. DİM-in cızdığı xətt məktəblərin ümumi təhsilə olan baxışına çox ciddi təsir göstərəcək:

“Bu gün bizim məktəb şagirdə, abituriyentə ciddi təsir göstərə bilmir. DİM-in qəbul şərtləri isə əksinə, abituriyentə ciddi təsir göstərir”.

Ekspert onu da əlavə edib ki, DİM-in öz funksiyasından kənar gördüyü işlərdən biri də müəyyən ixtisaslarla bağlı test və metodiki vəsaitlərin hazırlanmasıdır:

“Halbuki ali məktəblərə qəbul imtahanı yalnız orta məktəblərin tədris kitablarına uyğun hazırlanmalıdır. Bunu hansı məqsədlərlə hazırlayır məlumdur. Bu on minlərlə abituriyentin istinad mərkəzinə çevrilir. Həmin abituriyentləri məktəbdəki təhsil proqramı qətuyyən maraqlandırmır. Onlar istinad etdikləri mənbədən kənara çıxan suallar görəndə çox ciddi problemlər yaşamış olurlar. 12 mart tarixində DİM-in təşkil etdiyi imtahanları nəinki orta məktəb proqramları, hətta özlərinin də hazırladığı test və metodiki vəsaitlər belə təkzib olunur. İmtahandakı suallar az qala "çevik düşün və həll et" prinsipinə əsaslanır. Bu, bizim şagirdlər üçün nəinki tezdir, heç mümkün deyil. Dediyim faktlar özünü Azərbaycan dili və riyaziyyatda qabarıq göstərdi. Abituriyentin bir suala cavab verməsi 5-7 dəqiqə vaxt aparır. Mən bunları sosial şəbəkədən və müəllim dostlarımdan aldığım informasiyalar əsasında deyirəm".

Elmin Nuri bildirib ki, bu gün əksər abituriyent çox ciddi psixoloji gərginlik içərisindədir. Bu isə yolverilməzdir:

“Ötən ilin imtahanlarında suallar çox normal idi, lakin bu il tamamilə fərqli formatdadır. Bu suallar verilən zamanla uyuşmur. Fikrimcə, burda plan yerləri ilə bağlı azalmalar üçün addımlar ola bilər. Əksər uşaqlar sırf mətn əsaslı suallarda çətinlik çəkib. Bu suallara zəif cavab verib. Hər bir halda DİM-in bu ilki sualların hazırlanmasında apardığı siyasət yolverilməzdir. Tədris proqramı və onların hazırladığı metodiki vəsaitlərə uyğun suallar hazırlanmayıb. İkincisi, abituriyentlərin səviyyəsi ilə DİM-in hazırladığı sual qətiyyən adekvat deyil. Üçüncüsü, zaman amili nəzərə alınmayıb. Sualların strukturu, məzmunu dəyişib, onun təhlil tələbi dəyişib, ancaq 3 saatlıq limit aradan qaldırılmayıb”.

Təhsil eksperti sonda onu da əlavə edib ki, məsələnin çox sadə həlli yolu var:

"Bir hala DİM deyir ki, bizim işimiz yalnız imtahanların təşkili prosesini həyata keçirməkdir, o zaman öz işi ilə məşğul olsun, amma testlərin hazırlanma prosesini başqa bir qurum həyata keçirsin. Yəni, bu DİM-in səlahiyyətləri arasından çıxarılsın. Çünki imtahanın təşkilini həyata keçirən bir qrum akademik olaraq imtahan suallarının hazırlanmasını həyata keçirə bilməz. O zaman DİM imtahanlarını rahat keçirə bilər".

  • Əvvəlki

    Amerikalılar bank sahəsinə etibar edə bilər - Bayden

Digər xəbərlər