USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xalq başa düşür ki, düşmənin Azərbaycan torpağında kökü kəsilməlidir”

03.11.2020 Siyasət
0 0
Müharibənin aparılmasının öz qayda-qanunları var. Müharibədə hərbçilər döyüşür, ordular qarşı-qarşıya gəlir. Ən dəhşətli müharibələrdə belə, ən barışmaz düşmənlər belə dinc əhaliyə qarşı ermənilərin törətdiyi vəhşiliyi, qırğını törətməyiblər.

Bunu Mili Məclisin deputatı, Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elman Məmmədov bildirib.

O qeyd edib ki, bu gün Azərbaycan Ordusunun gücü və qüdrəti qarşısında tab gətirə bilməyən düşmən heyfini mülki insanlardan, günahsız şəxslərdən almağa çalışır:

“Sentyabrın 27-dən indiyədək döyüş bölgəsindən tam və ya qismən uzaqda – Gəncədə, Bərdədə, Tərtərdə, Ağdamda, Ağcabədidə, Goranboyda, Beyləqanda 100-dək mülki vətəndaşımız ermənilər tərəfindən qətlə yetirilib. Onların müharibəyə heç bir aidiyyatı yoxdur. Aralarında uşaqlar, qadınlar və yaşlı insanlar var. Yeddi ailə tamamilə məhv edilib. İki mindən çox insanın ev-eşiyi dağıdılıb. Nə qədər obyektə, infrastruktura ziyan vurulub. Bunu ancaq insanlığa nifrət bəsləyən bir toplum edə bilər”.

Elman Məmmədov bildirib ki, erməni silahlı birləşmələri mülki əhalini hədəfə almaqla sanki nəsə demək istəyirlər: “Onlar bununla bir neçə məqamı nəzərdə tuturlar. Birinci məqam mülki əhali arasında vahimə yaratmaqdır. Bunu 1992-ci ildə Xocalıda sınaqdan keçiriblər. Həmin vaxt onlar mülki əhali arasında vahimə, xof yaratdılar. Bu vahimə və xof digər ərazilərin işğalında onlara kömək oldu. Ancaq Azərbaycan cəmiyyəti o dövrdəki cəmiyyət, Azərbaycan dövlətinin rəhbərliyi o dövrdəki rəhbərlik, Azərbaycan Ordusu o dövrdəki ordu deyil. Bu gün iqtidar-xalq-ordu birliyi bir yumruq kimidir və onların bu murdar hərəkəti Azərbaycan xalqının daha da səfərbər, düşmənə qarşı daha barışmaz edir. Daha da qələbə ruhuna kökləyir. Azərbaycan xalqı başa düşür ki, bu vəhşiliyi törədən düşmənin Azərbaycan torpağında kökü kəsilməlidir. Digər tərəfdən düşmən düşünür ki, biz belə hiyləyə, məkrə əl atacağıq, Azərbaycan da məcbur olub onların şəhərlərinə – Ermənistan ərazisinə, mülki insanlara atəş açacaq və onlar Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvlərini köməyə çağıracaqlar. Ancaq cənab prezidentimiz dəfələrlə bəyan edib ki, biz onların etdiyini etməyəcəyik. Biz onların bizim mülki əhaliyə qarşı etdiyinin qisasını döyüş meydanında alırıq və alacağıq”.

Elman Məmmədov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri və beynəlxalq təşkilatlar onun qərarlarını icra etməyən Ermənistana ötən 30 il ərzində heç bir təsir və təzyuq göstərməyib:

“Siz təzada fikir verin. Bu ölkə onlara qarşı saymamazlıq, hörmətsizlik, bildiyini edir, onlar isə bunu cəzalandırmaq əvəzinə biri silahlandırır, biri siyasi-mənəvi, digər maliyyə dəstəyi verir və sair. Mən bunu çox qətiyyətlə, əminliklə deyirəm ki, Azərbaycan torpaqlarının sentyabrın 27-dək işğal altında qalmasının səbəbkarları nə qədər Ermənistandırsa, ondan da az səviyyədə olmayan BMT və üç həmsədr dövlətdir. Biz onların cırtdan, işğalçı dövlətə gücünün çatmadığını düşünməklə çox böyük səhv etmiş olarıq. Cənab prezidentin dediyi kimi onların bir sözü ilə bu problem bir günə həll oluna bilərdi. Ancaq etmədilər. Çünki onların hər birinin bu məsələdə strateji maraqları var. Onların etmək istəmədiyini Azərbaycan bir aydır icra edir və onlara hörmət, nüfuz qazandırır. BMT-nin əvəzinə onun qəbul etdiyi qətnamələri icra edir. Onlar Azərbaycana təşəkkür etməlidirlər.”

Deputat qeyd edib ki, əgər birinci Qarabağ müharibəsi zamanı Qaradağlı, Meşəli, Ağdaban, Xocalı soyqırımlarını törətmiş şəxslər cinayət mısuliyyətinə cəlb edilsəydilər, mülki əhalimizə qarşı bugünkü cinayətlər işlədilməzdi:

“Bu cinayətləri törədənlər beynəlxalq səviyyədə cəzalandırılsaydılar, bəlkə də bu gün mülki əhalimizə qarşı bu cinayətlər olmazdı. Ancaq onlar cəzasız qalaraq daha da ruhlandılar. Gördülər ki, törətdkləri cinayətlərə görə onlara heç bir cəza verilmir. Əksinə onlar mükafatlandırıldılar. Məsələn, Xocalı soyqırımının çox fəal iştirakçısı, uşaq qatili, Əsgəran rayonundan olan Vitali Balasanyan Dağlıq Qarabağda general, milli qəhrəman, qondarma rejimin “müdafiə naziri” oldu. Samvel Babayan və Seyran Ohanyana general rütbəsi verildi. Serj Sərkisyan və Robert Köçəryan mükafatlandırılaraq növbə ilə Ermənistanın prezidenti oldular. Onlara belə gəldi ki, dünya birliyi onların müsəlman türklərinə qarşı törətdikləri cinayətləri müdafiə edir. Onlar ruhlandılar və bu müharibə başladı”.Teleqraf