USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Adil Əliyev Türkiyə İş Adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyəti ilə görüşdü

20.11.2020 Siyasət
0 0
Noyabrın 19-da Milli Məclisdə Türkiyə İş Adamları və Sahibkarlar Dərnəyinin (TÜMKİAD) nümayəndə heyəti ilə görüş olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlığının qədim tarixi köklərə söykəndiyini diqqətə çatdıran Milli Məclisin sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iki dövlət, bir millət olan ölkələrimizin Azərbaycanın müstəqilliyi dövründə daha da yaxınlaşdığını, sıx birləşdiyini və strateji tərəfdaşlara çevrildiyini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlıq əlaqələrinin genişlənməsində dövlət başçılarımız İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Vətən müharibəsi günlərində Türkiyə rəhbərliyinin və xalqının Azərbaycana verdiyi mənəvi-siyasi dəstək bu dostluğun bariz nümunəsidir. Milli Məclis sədrinin müavini dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, 83 milyonluq Türkiyə xalqına dərin minnətdarlığımızı bildirib.

Adil Əliyev qonaqlara Ermənistanın təcavüzü nəticəsində 30 il işğal altında qalan Azərbaycan torpaqları, erməni silahlı qüvvələrinin vaxtaşırı təkrarlanan təxribatları, bu ilin iyul, avqust və sentyabr aylarında baş vermiş hadisələr, nəhayət, sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı barədə məlumat verib. Saysız-hesabsız müharibə cinayətləri törədən erməni tərəfinin Azərbaycanın Gəncə, Mingəçevir, Goranboy, Daşkəsən, Tərtər, Bərdə və digər dinc yaşayış məskənlərini raket hücumlarına tutduğunu, qadağan olunmuş silahlardan istifadə etdiyini, nəticədə 100-dək mülki insanın həlak olduğunu və 500-dək dinc vətəndaşımızın yaralandığını, mülki infrastruktura böyük miqdarda ziyan vurulduğunu bildirib. Beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycanın şanlı Qələbəsinin şəhidlərin qanı bahasına başa gəldiyini vurğulayıb. Qonaqların diqqətinə çatdırılıb ki, artıq Qarabağın incisi olan Şuşaya yolun çəkilməsinə başlanılıb.

Görüşdə TÜMKİAD nümayəndə heyətinin başçısı Nihat Tanrıkulu ölkəsindəki Azərbaycan sevgisini Milli Məclisin deputatlarına çatdırıb. Vətən müharibəsində şəhid olan Azərbaycan oğullarına Allahdan rəhmət, qazilərə şəfa diləyib, ulu öndər Heydər Əliyevin ruhunun şad olduğunu bildirib. Qarabağ torpaqlarının Azərbaycan üçün müqəddəs məkan olduğunu vurğulayıb. İşğaldan azad olunmuş torpaqlarımızda sülh dövründə aparılacaq abadlıq-quruculuq işlərində hər cür dəstəyə, köməyə hazır olduqlarını bildirib.

Görüşdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədr müavini Əli Məsimli və komitənin üzvü Ziyad Səmədzadə ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə dair fikirlərini bölüşüblər.

Sonra Türkiyənin İş Adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyətində təmsil olunan Levent Kızılgedik, Müslim Birdal, İlhami Öztürk, Bülent Kızılgedik, Taner Şahin, Behaeddin Gül və başqaları çıxış edərək hər cür inkişafda və əməkdaşlıqda milli-mənəvi dəyərlərin qorunması vacibliyini qeyd ediblər. Qonaqlar Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğunu vurğulayıblar.