USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Moskvaya heç vaxt inanmaq olmaz” - Etibar Məmmədov

23.01.2021 Siyasət
0 0
1990-cı ildə tərkibində muzdlu ermənilərin də olduğu sovet-rus qoşunları tərəfindən törədilmiş 20 Yanvar qətliamından 31 il ötdü. Və həmin faciədən sonra xalqın dərin nifrətini qazanmış bir ordu tərkib və geyim formalarını, texnikalarını xeyli dəyişməklə bu dəfə sülhməramlı adı altında Azərbaycanın paytaxtına yox, digər ərazilərinə qayıtdı. Cəmiyyətdə belə suallar da yaranır ki, görəsən, o vaxt guya Sovet dövlətini xilas etmək missiyasıyla Bakıya və digər iri şəhərlərimizə yeridilmiş orduyla bu gün sülhyaratma missiyası adı altında gələn Rusiya ordusu arasında Azərbaycana münasibətdə hansısa fərq varmı?

"Kommersant.az" xəbər verir ki, mövzuyla bağlı Moderator.az-ın suallarına 1990-cı il Yanvar qətliamı ərəfəsində Milli Azadlıq hərəkatı çərçivəsində gedən proseslərin bilavasitə fəal iştirakçısı olan AXC liderlərindən biri kimi Kremlin Bakıya göndərdiyi həm siyasi, həm də hərbi emissarlarıyla ünsiyyətdə olmuş və həmin faciədən sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən SSRİ DTK tərəfindən həbs olunaraq 9 ay “KQB”-nin Lefortovo həbsxanasında saxlanılmış Milli İstiqlal Partiyasının qurucusu, istiqlalçı deputat Etibar Məmmədov cavab verib.

“Bilirsiz, Azərbaycana münasibəti Rusiya ordusu müəyyənləşdirmir. Ordu siyasi qərarlar qəbul olunandan sonra onları icra edir. Söhbət siyasi mənsubiyyəti olan adamların və ümumi təbliğat nəticəsində Rusiyanın daxilində Azərbaycana qarşı yaranmış münasibətindən gedə bilər...

Məlumdur ki, Rusiya tarixən ermənilərin himayəçisi missiyasını öz üzərinə götürüb. Və 200 ildən çoxdur ki, həmin missiyasını davam etdirir. Hələ də o missiyadan əl çəkməyib. Çünki Rusiyanın Qafqazda mövcudluğunun dayağı və onun buradakı nümayəndəliyi Ermənistanla bağlıdır. Bir sözlə, Rusiya Kremldə kimin hakimiyyətdə olmasına rəğmən ermənilərlə tarixi-siyasi müttəfiqdir və həmin müttəfiqlik bu günədək davam edir. Odur ki, Moskvaya heç vaxt inanmaq və etibar etmək olmaz. Rusiya tarixən də öz verdiyi sözü tutmayan dövlət kimi yaddaşlarda qalıb. Onun imzaladığı heç bir müqaviləyə də, verdiyi sözə də, vədlərə də inanmaq olmaz. Bu gün isə mövcud geostrateji duruma uyğun yaranmış vəziyyətdə hər şey Azərbaycanın gücündən və maraqların toqquşmasından asılıdır. Və siyasi rəhbərlikdən tələb olunan odur ki, həmin siyasi maraqları elə istiqamətə yönəltsin ki, Rusiya Azərbaycana daha az ziyan vura bilsin. Azərbaycan isə bundan öz milli maraqlarını həyata keçirmək üçün yararlana bilsin...”

“Axı dövlət rəhbərliyinin apardığı daxili və xarici siyasət ordunun ideoloji yönləndirilməsinə də sirayət edir. 1990-cı ildə Bakıya gələn ordu “yerli hakimiyyəti devirməyə çalışan, milli azlıqlara qarşı talanlar törədən ekstremist ünsürlərə” nifrət ideologiyasıyla köklənmişdi. Bəs bu gün Qarabağa gələn rus ordusu hansı ideologiya ilə köklənib?” sualını isə istiqlalçı deputat belə cavablandırıb.

“İndi də onları ermənilərin xilası missiyasıyla göndəriblər. Onların qarşısına Qarabağdakı erməniləri xilas etmək vəzifəsi qoyulub. Və gördüyünüz kimi, rus hərbçilər faktiki olaraq sülhməramlı yox, ermənilərin xilasedicisi missiyasını həyata keçirir. Ermənilər üçün infrastruktur yaradır, evlər tikirlər, köçürtmə, məskunlaşdırma ilə məşğuldurlar. Buna qarşı isə hələlik bir dəfə Prezident tərəfindən edilən etiraz istisna olmaqla Azərbaycan tərəfindən kəskin rəsmi münasibət bildirilməyib. Ancaq fikrimcə, hazırda torpaqlarımızda olan Rusiya kontingenti barədə sərt mövqe nümayiş etdirilməlidir ki, onların missiyası dəqiq müəyyənləşsin. Onların davranışları lazımi çərçivəyə salınsın ki, yalnız sülhyaratma missiyasına aid işlər görsünlər və başqa məsələlərə burunlarını soxmasınlar...”