“Orada korrupsiya iki səbəbdən çiçəkləndi” - Naxçıvanlı baş redaktor

01.12.2022 Siyasət
Naxçıvandakı son vəziyyət ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Əvvəllər Muxtar Respublikadakı durumla bağlı danışmaqdan çəkinən, susan naxçıvanlı ziyalılar son günlər xeyli aktivləşib, tənqidi fikirlər səsləndirməyə başlayıblar.

Modern.az-ın məlumatına görə, əvvəllər Naxçıvan haqqında yazmağın, danışmağın çətin olduğunu əslən Muxtar Respublikadan olan jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də etiraf edir:

“Oradan vaxtilə heç bir cümləni də rahatlıqla yazmaq mümkün deyildi”.

A.Quliyevin sözlərinə görə, Azərbaycanda illərdir korrupsiya ilə mübarizə gedir, ölkənin bir parçası olan Naxçıvan da bu prosesdən kənarda qalmalı deyildi:

“Bir gün bu mübarizə Naxçıvanı da əhatə etməli deyildimi? Azərbaycanın nə qədər iri məmurları, biznesmenləri həbsə atıldılar, Naxçıvanda həbs olunanlar “qaraqaş, qaragöz” deyillər!
Niyə bu əməliyyatların Azərbaycan DTX tərəfindən aparılmasının da aydın cavabı var.
İllər boyu Naxçıvanda bu mübarizənin yerli orqanların özləri tərəfindən aparılacağına, aparılmalı olduğuna etimad edildi, arxayın oldular. Ancaq iş yarıtmaz icra edildi. Orada özləri 2016-2017-ci illərdə cəmi iki naziri tutdular, daxili işlər və milli təhlükəsizlik nazirləri. Ancaq korrupsiya mexanizmi səngimədi, “maşın” yenə öz işində idi. Görəndə ki Naxçıvanın yerli orqanlarının özləri korrupsiya ilə mübarizə aparan deyillər, mübarizə aparmalı orqan və şəxslərin özləri bu işə bulaşıblar, o zaman Azərbaycan mərkəzi hakimiyyətinin iradəsi ilə DTX özü işə başlamalı oldu. Məsələyə heç bir siyasi rəng qatmadan proseslərin sadə məzmununu bu cür görmək lazımdır”.

A.Quliyevin sözlərinə görə, “Naxçıvanda korrupsiya niyə bu qədər genişmiqyaslı və dərin olub” sualının öz izahı və cavabı var:

“Birinci səbəb - Naxçıvanda yerli rəsmi idarəetmə səlahiyyətlərinin bu qədər genişlənməsi. Az qala, içimizdə ikinci dövlət yaranıb. Naxçıvanın ayrıca “Xarici Kəşfiyyat Xidməti” də var imiş. Təsəvvür edirsiniz? Hətta rəhmətlik Heydər Əliyevin Ali Məclisə sədrliyi dövründə də orada yerli rəsmi idarəetmə səlahiyyətləri bu qədər geniş deyildi. Üstəlik, o da var ki, Heydər Əliyevin sədrliyi dövründə Naxçıvanda yerli idarəetmə səlahiyyətlərinin (indikindən aşağı səlahiyyətlər) genişliyi səmərəli nəticələr verirdi, faktiki Naxçıvanı məhz bu xilas etdi. Ancaq hazırkı yerli idarəetmə səlahiyyətlərinin hədsiz genişliyi neqativ rol oynadı. Ən böyük neqativlik isə bütün muxtar respublika əhalisinin rəsmi Bakıdan incik düşməsi oldu. Bu şəraitdə korrupsiyanın çiçəklənməsi təəccüblü deyil.

İkinci səbəb - Naxçıvandakı bəzi məmurların Bakıda müxtəlif xətlərlə bağlı olduqları daha iri məmurlar tərəfindən himayə edilməsidir”.