“İran ordusunun döyüşə hazır vəziyyətə gətirilməsi bir daha onu göstərir ki, İran bölgədə gərginliyi artırmaq niyyətindədir".
Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov İranın ordusunun hazır vəziyyətə gətirilməsi ilə bağlı yayılan görüntüləri şərh edərkən deyib.
Deputat bildirib ki, İranın həm region, həm də dünya ölkələrinə qarşı apardığı siyasət molla rejimini çoxdan ifşa edib:
“İrandakı molla rejimi bölgədə gərginliyi artırmaq üçün terrorçuluğu həm öz ölkəsində, həm ayrı-ayrı ölkələrdə maliyyələşdirərək dəstəkləməsi ilə region üçün böyük təhdidlər və təhlükə yaradır. İndiki halda İran ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsinin Azərbaycanla sərhəddə müşahidə olunması gövdə nümayişidir. Bir neçə gün bundan əvvəldə İranın hərbi təyyarəsinin Azərbaycanla sərhəddə uçuş manevri etməsi, indi də ordunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi bir daha onu göstərir ki, rəsmi Tehran bununla regionda gərginlik yaratmağa, güc nümayiş etdirməyə çalışır. Bu, Azərbaycana, qardaş Türkiyəyə, Azərbaycana çox yaxın dost İsrailə də qarşı ola bilər”.
C. Osmanovun fikrincə, istənilən halda SEPAH-a yaxın "Telegram" kanallarında yayılan videoroliklərdə görünür ki, rəsmi Tehran xüsusilə də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və "bölgədə hər hansı bir sərhədin dəyişdirilməsinə imkan verməyəcək:
"Bu manevr birinci dəfə deyil ki, baş verir. İrana bölgədə dost olan ölkə yalnız Ermənistandır ki, Azərbaycan 44 günlük Vətən müharibəsində onun ordusunu darmadağın edərək, torpaqlarını işğaldan azad etdi. Digər ölkələrə gəlincə, İran hər hansı bir addım atarsa, həmin ölkələr onun cavabını verməyə hazırdır. Buna Azərbaycan da hazır və qadirdir. Hətta Türkiyə də, İsrail də, Pakistan da qadirdir. Bu baxımdan, İranın əzələ nümayiş etdirməsi qəbul edilən deyil. İstənilən halda İranda hər hansı bir təlimlərin keçirilməsi, ordusunun döyüş vəziyyətə gətirilməsi Azərbaycanın haqq işinə mane ola bilməyəcək. Azərbaycan bundan sonra da milli maraqlara söykənən müstəqil siyasət yürütməklə qarşıya qoyulan bütün hədəflərə nail olacaq".