ABŞ hökuməti Şimali Koreya ilə Rusiya arasında silah transferinin qarşısını almaq üçün yeni addım atıb. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Bürosu, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Pxenyanla silah ticarətini qadağan edən qətnamələrini pozduqları səbəbiylə 2 Rusiya vətəndaşı və 3 Rusiya mənşəli şirkətə sanksiya tətbiq edilməsinə qərar verdiyini açıqlayıb.
Rusiya vətəndaşlarının Aleksey Budnev və Rafael Anatolyeviç Qazaryan olduğu bildirilsə də, şirkətlər “Trans Kapital” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Rafort” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Texnologiya OOO” kimi qeyd edilib.
Bildirilib ki, sanksiya qərarı ABŞ-ın Pxenyan və Moskvaya “qanunsuz” fəaliyyətlərinə görə cavab vermək əzminin göstəricisidir.
ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson verdiyi açıqlamada, "Son addımımız Şimali Koreyanın Rusiya ilə dərinləşən hərbi əməkdaşlığını pozmaq əzmimizi əks etdirir" dedi.
“Rusiya Şimali Koreya silahlarından Ukraynaya qarşı istifadə edir”
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, sanksiya qərarının Pxenyan və Moskva arasında dərinləşən müdafiə əməkdaşlığına qarşı alındığını ifadə edərək, "Rusiya indiyədək Ukraynaya qarşı Şimali Koreya istehsalı olan 40-dan çox ballistik raket və hərbi sursatdan istifadə edib" deyib.
Sözügedən hərbi sursatların Rusiyaya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq göndərildiyinə diqqət çəkən Miller, Pxenyan və Moskva arasında dərinləşən əlaqələrin qlobal təhlükəsizliyə və nüvə silahlarının yayılmasının qarşısının alınması səylərinə böyük təhlükə yaratdığını vurğuladı.
Şimali Koreyadan təkzib
Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Çenq yazılı açıqlama verərək, Rusiyaya silah tədarük etdiklərinə dair iddiaları təkzib edib.
“Şimali Koreya ilə Rusiya arasında silah ticarəti ilə bağlı söz-söhbət o qədər absurddur ki, onu qiymətləndirməyə və şərh etməyə dəyməz” deyən Kim, onların inkişaf etdirdiyi silah texnologiyalarının gizli olduğu üçün ixracının mümkün olmadığını müdafiə etdi.