Bu yazı mənim üçün hayqırışdır, ya son çarə bilmirəm. Bir bildiyim odur ki, bu yazı nəyinsə sonu və ya başlanğıcı olacaq. Sanki “bıçaq sümüyə dirənib” tam olaraq mənim üçün deyilib. Maddi və mənəvi vəziyyətim heç də yaxşı deyil. Gecə səhərə qədər oturub kompüter ekranına və klaviaturaya baxıram. Nə yazım, necə yazım deyə. Bilirsiniz bir media kapitanının bu sözləri yazması qədər acınacaqlıdır? Əlbəttə, yox. Heç Azərbaycan höküməti də bilmir. Mən, Odər Qəni ölkə xaricində İqtisadi təhsil alıb vətəninə qayıdan bir gənc olaraq peşmançılıq yaşayıram. Son günlər ölkə başçısının “ölkədə iş tapmaq çətin deyil” sözləri bəlkə də düzdür. İş yeri var, amma maaş yoxdur. Məsələn, mənə kənardan baxanlar “bu adam juranlistdir, media kapitanıdır” və s. kimi sözlər deyirlər, amma içimdə qopan fırtınalardan xəbərləri belə yoxdur.
Kommersant.az-ın hansı yazısı, məqaləsi, köşəsi və ya xəbəri Azərbaycan hökümətinin xoşuna gəlməyib ki, bizə qarşı belə biganədirlər? Şəxsim və media qurumunun hansı sözü və ya ifadəsi xoşunuza gəlməyib? Nə vaxt sizlərə qarşı çıxmışam? Ali təhsili belə olmayan “facebook”da iki səhifəyə sahib şəxslər mediada kapitanlıq etdiyi halda mən niyə bu qədər kənarda qalmışam? Bu suallar birbaşa Azərbaycan hökumətinə verilir. Nə edim? Gedib ölkə xaricindəki müxaliflərə qoşularaq sizlərə qarşı videomu çəkim? Yazımı yazım? Axı mən vətənimi sevirəm və burada ailəmin yanında yaşamaq mənə xoşdur. Amma siz buna maneə olursunuz. Faktiki qazancımın 3/2.5-i kreditlərə gedir. Artıq buna ya dur deməli, ya da hər şeyin üstündən xətt çəkib “azdan az, çoxdan çox gedər” deməliyəm.
Mən iki qız atasıyam. Hansı ki, uşaqlarının sıradan ehtiyaclarını qarşılaya bilməyən ata. Qızımın baxçasından tələb olunan aylıq 50 manatı ödəyə bilmədiyi üçün bu aydan etibarən onu baxçadan çıxaran ata. Böyük qızıma məktəb ləvazimatları almağıma baxmayaraq onu məkətəbə gönədərə bilməyən media kapitanı. Əgər hal belədirsə, o zaman mənim də başqa çıxış yolum qalmır. Juranlistin qələminin arxası da yazır, qabağı da. Mən hər zaman ön tərəfindən istifadə edən şəxs olmuşam. O zaman arxa tərəfini də itiləyib yazmağa hazıram. Çünki bundan o tərəfə yol yoxdur. Və sizləri əmin edirəm ki, məndən qələmi güclü şəxs Azərbaycan mediasında tanımıram və buna da çox iddialıyam.
Prezident Administrasiyasının bütün xahişlərini yerinə yetirəndə heç bir dəfə də olsun soruşmadılar ki, nə problemin var? Ancaq və ancaq xahiş etməyi bacarırsınız. Bəlkə də xahiş edib telefonu söndürdükdən sonra “qələt edir, indi həll olar” cümlələri qurursunuz arxamdan.
Xarici İşlər Nazirliyində mətbuat katibi olan zamanlarda “qardaş” deyə xitab etdiyimiz prezidentin köməkçisi Hikmət Hacıyev bu gün məni niyə görməzdən gəlir? Məgər mən səhvi Azərbaycana qayıtmaqda etmişəm? Təhsil aldığım xarici ölkədə yaşayıb yaradıcılığımı orda davam etdirə bilərdim axı. Faktiki sahəmdə məndən güclü, məndən savadlı, məndən bacarıqlı kadrı Azərbaycan höküməti nə tapıb, nə də tapacaq. Mən “Kommersant” saytını quranda “Youtube” platformasına yerləşdirdiyim ilk videoda 550 min baxış toplayan şəxsəm. Hansı ki, kanalda sıfır abunə, sıfır izlənmə var idi. Bu, 7 il əvvəlki nəticədir. İndi isə maliyyə sıxıntsı çəkdiyimə görə heç video da çəkə bilmirəm. Əslində insan əməyinin bəhrəsini görmədikcə həvəsdən düşür, motivasiyası azalır. Mən isə bitmiş biriyəm. İtirəcək heç nəyim qalmayıb. Ona görə ötən gecə qərar verdim ki, ya ölüm, ya qalım. Şəxsimi ölümünə vuruşacaq qədər də güclü hesab edirəm. Dediyim kimi, xaricdə ali təhsil alıb ölkəsində ac qalan tək-tük şəxslərdən biriyəm. Hansı ki, kənardan baxanda “ooo media kapitanı” deyirsiniz.
İki banka, məişət mağazalarına və s. olan borclarım məni hər bir addıma sürükləyir. Bu yolun sonu hara gedəcək bilmirəm, amma işıq ucu görmədiyim aşikardır. Əgər yolun sonu yoxdursa, o zaman bu yolu burada bitirmək daha ağıllı addım olar.
Mən, Odər Qəni. Buradan ölkə başçısı prezident İlham Əliyevə müraciət edirəm. Cənab prezident, xahiş edirəm bu vəziyyətə bir əncam çəkin. Sizin üçün kiçik, mənim üçün böyük olan bu dərdi mənim üstümdən qaldırın. Saytlara verilən aylıq vəsaitin üçdə biri qədər mənə vəsait ayrılsa, hər bir media qurumundan daha gözəl nəticə verəcəyimi də sizlərə canımla təminatını verirəm. Mənim hayqırışıma səssiz qalmayın. Bu, mənim ilk öncə ata kimi, sonra isə bir media kapitanı kimi sizdən ilk və son xahişimdir.