“AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov: "Bankların yeni düşməni: Vəkillər"
Azərbaycan qanunvericiliyindəki boşluqlar və bu boşluqları müştərilərə öyrədən bir sıra vəkillər bankların problemli kreditləri yığmasına çətinlik yaradır.
“AGBank”ın İdarə Heyətinin sədri Ə.Cəlilov "Marja"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, qanunvericilikdəki boşluqlara görə, 5 ilədək davam edən məhkəmə işləri mövcuddur.
BANKLARIN YENİ DÜŞMƏNİ: VƏKİLLƏR
Azərbaycanda müştəriləri səhv istiqamətləndirən bir qrup “ağıllı” vəkillər əmələ gəlib. Bu vəkillər öz qazancları naminə müştəriləri öyrədirlər. Onların tövsiyyələri ilə müddət uzadılır. İşin uzanması perspektivsiz olsa da belə, bu müddət ərzində vəkil müştərinin pulunu alır. Sadəcə vaxt uzadılır və uzanan vaxta görə banka zərər dəyir. Göründüyü kimi, bu məsələdə banklar dövlət vəsaitlərinin vaxtlı-vaxtında geri ödənilməsini öz vəsaitləri hesabına təmin edərək, bir növ bufer rolunu daşıyırlar ki, nəticədə dəyən zərəri öz üzərlərinə götürürlər. Lakin, bu cür vəkillərin fəaliyyəti nəticəsində isə, ayrı-ayrı sahibkarlar dövlət vəsaitlərinin banklara geri qaytarılmasının uzanmasına və bəzi hallarda bu vəsaitlərin ümumiyyətlə mənimsənməsinə nail olmağa çalışırlar.