USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

10.07.2019 Sosial
0 0
Dövlət İmtahan Mərkəzi iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

"Kommersant.az" xəbər verir ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 447 namizəd qeydiyyatdan keçib. Onlardan 299 nəfəri qız, 148 nəfəri oğlandır. 394 namizəd Azərbaycan bölməsinin, 53 namizəd rus bölməsinin, 199 namizəd cari ilin, 248 namizəd isə əvvəlki illərin məzunudur, 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 435, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 5 imtahan rəhbəri, 38 zal nəzarətçisi ayrılıb.