Qarabağ Azərbaycandır!

"Əlaqələrin pozulması ilə ucuz enerji mənbəyi itiriləcək" - EKSPERT RƏYİ

27.09.2018 Maliyyə
"Rəsmi Ankara ABŞ-ın sanksiyalarını dəstəkləməyəcək və İranla ticarət əlaqələrini davam etdirəcək".

"Kommersant.az" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib:

"Biz İran, Rusiya və digər ölkələrlə ticarət əlaqələrimizi davam etdirəcəyik. Türkiyə müstəqil dövlətdir. Əgər bu, BMT-nin sanksiyalarıdırsa, biz qoşulacağıq. Əks halda bunlara əməl etməyəcəyik", - deyə, nazir bildirib.

Rəsmi Ankaranın İranla bağlı mövqeyi Türkiyə-ABŞ münasibətlərinə nə dərəcədə təsir göstərə bilər?

İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri, Donald Trampın İdlibdə gərginliyin azaldılmasına görə Türkiyəyə təşəkkür etməsi gərginliyin kifayət qədər azalmasını göstərir:

"Son 3-4 ildir ki, Türkiyə-ABŞ münasibətlərində gərginlik müşahidə olunur. Hesab edirəm ki, gərginliyin əsas səbəbi Türkiyənin Rusiya və İranla münasibətlərinin sıx olmasıdır. Hazırda Türkiyə hökumətinin keşiş Brunson haqqında yumuşaq açıqlamaları müşahidə olunur. Türkiyə İranla həyata keçirdiyi ticarət əlaqələrini həmin ölkədən neft-qaz resursları alması ilə əsaslandırır. Türkiyə təbii qaza olan tələbatının 19%-ni İran vasitəsilə ödəyir. Əlaqələrin pozulması daha ucuz enerji mənbəyinin itirilməsi deməkdir. Türkiyə-İran münasibətlərinin genişlənməsinə ABŞ-ın sərt yanaşacağını düşünmürəm".

Türkiyə-Rusiya münasibətlərinə gəlincə, ekspert bildirib ki, Rusiya Türkiyədə istehsal olunan kənd təsərrüfatı məhsullarının idxalına bağlı ölkədir:

"Rusiya kimi böyük bazarla (140 milyon nəfər) işləmək Türkiyə üçün yalnız mənfəət deməkdir. Türkiyə bütün gərginliklərin fonunda imkanlarından istifadə edərək bazara çıxışını saxlamağa çalışır (xüsusilə yüngül sənaye və kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı). Türkiyə də Rusiya üçün 80 milyon nəfərlik xammal ölkəsidir. Türkiyə kənd təsərrüfatı məhsullarına Rusiya bazarında tətbiq edilən məhdudiyyətlər 2015-ci ilin noyabrında Türkiyə qırıcılarının Suriya sərhədində Rusiyaya məxsus təyyarəni vurması səbəb olmuşdu. 1 ildən sonra isə vəziyyət sabitləşdi".

C.İbrahimli eyni zamanda vurğulayıb ki, Türkiyə təbii qazın təqribən 50%-ni Rusiyadan idxal edir.