Qarabağ Azərbaycandır!

Quş ətini niyə xaricdən idxal edirik? - SƏBƏBLƏR

12.09.2018 Aqrar
Azərbaycanda son 17 ildə əsas heyvandarlıq məhsullarının istehsalında davamlı artım müşahidə edilsə də, mal və quş ətində idxaldan asılılıq qalmaqdadır.

"Kommersant.az" xəbər verir ki, 2016-cı ilə nisbətən 2017-ci ildə quşların baş sayı 25% artaraq 12,469 milyona çatıb. Artım quşçuluq fabrikləri ilə bağlı olub. Belə ki, quşçuluq fabriklərində quşların sayı 26,5% artaraq 12,343 milyon ədədi ötüb.

Qeyd edək ki, ölkədə adambaşına quş əti istehlakı 12,12 kq təşkil edir. Ölkə ərazisində 10-dan çox iri quşçuluq fabrikləri fəaliyyət göstərir. Ən böyük quşçuluq fabrikləri Xızı, Şabran, Salyan, Biləsuvar, Kürdəmir, Hacıqabul, Füzuli və Siyəzəndədir. Broyler toyuqların qiyməti yerli bazarlarda çəkisindən asılı olaraq təxminən 4 manat - 4 manat 25 qəpikdən başlamaqla təklif olunur. Xaricdən alınan quş ətinin qiyməti isə təxminən 10% aşağı qiymətlə satılır.

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov məsələ ilə bağlı portalımıza açıqlamasında bildirib ki, tələbatın yerli istehsal hesabına ödənilməməsinin əsas səbəbi, hazırda quşçuluq sahəsinin inkişaf mərhələsində olmasıdır:

"Azərbaycanda 316 milyon 827 min ton ət istehsal olunur. Onun da 104 milyon tonu quş ətinin payına düşür. Quş əti ümumi ət istehsalının 70%-ni ödəyir. 2015-ci ildə bu göstərici 98%, 2016-cı ildə 79% təşkil edib. 2017-ci ilin statistikası isə növbəti ilin əvvəlində açıqlanacaq. Quş əti ölkəyə, əsasən Türkiyə, Braziliya və Avropa ölkələrindən idxal olunur. Yerli məhsulla xaricdən gətirilən məhsulun qiymət fərqi elə də böyük deyil. Hazırda bazarda yerli məhsullara tələbat yüksəkdir".

Qurum rəsmisi broyler şəraitində yetişdirilən toyuqların keyfiyyətindən də danışıb:

"Fabrikdə yetişdirilən cücə 30-36 günə quş əti halını alaraq, 1 kq - 1 kq 200 qram çəkidə kəsimə hazır olur. Bu isə seleksiya üsulu ilə aparılmış prosesin nəticəsi olduğundan, normal sayılmalıdır. Çünki seleksiya yolu ilə daha yaxşı ət toplamaq qabiliyyətinə malik quşlar seçilir".

A.Ömərov qeyd edib ki, quşçuluq sahəsində an amili xüsusi rol oynayır:

"Quşçuluq kənd təsərrüfatında sürətlə inkişaf edən və ən gəlirli sahədir (yatırılan pulu tez müddətə geri götürmək mümkündür). Lakin profilaktik tədbirlərin vaxtında və düzgün aparılmaması böyük itkiyə yol aça bilər".

Şöbə müdiri eyni zamanda vurğulayıb ki, quş ətinin baha olmasının səbəbi damazlıq təsərrüfatlarının azlıq təşkil etməsidir:

"Yumurtanın da əksər hissəsini xarici ölkələrdən alırıq. Damazlıq təsərrüfatlarının inkişafında digər ölkələrin praktikasından bəhrələnmək olar. Məsələn, Türkiyədəki damazlıq fabriklərində toyuq yetişdirib, yumurtasından cücə istehsal edirlər. İsrailin təcrübəsinə baxsaq, səhralarda fermalar qururlar, böyük südlük cinsli heyvanlar yetişdirirlər".

Ekspertin sözlərinə görə, innovativ texnologiyaların tətbiqi də məhsuldarlığa təsir edir:

"Texnologiyalar daha çox Avropa ölkələrindən (əsasən Almaniya) alınır. Azərbaycan quşçuluq sahəsində daha çox Türkiyə təcrübəsindən yararlanır. Fransada isə daha az vaksinli peyvəndlər tətbiq edilir. Lakin həmin vaksinləri Azərbaycanda tətbiq etsək, quşları xəstəlikdən qoruya bilməyəcəyik".