USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ödəniş sisteminin infrastrukturu yeniləndi

03.04.2026 İqtisadiyyat
0 0
Azərbaycanda milli ödəniş infrastrukturunun təkmilləşdirilməsi mərhələsi uğurla tamamlanıb və hazırda beynəlxalq inteqrasiya imkanları strateji istiqamət kimi nəzərdən keçirilir.

Kommersant.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin direktoru Kəmalə Qurbanova Malayziyanın Kuala-Lumpur şəhərində “Kollektiv güc: dəyişən dünyada dayanıqlılıq və inkişaf” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Belə ki, Kəmalə Qurbanova forumun “Ödənişlər və innovasiya” istiqaməti çərçivəsində “Regional inteqrasiyanın katalizatoru kimi real vaxt rejimində beynəlxalq ödənişlər” mövzusunda təşkil olunan panel müzakirəsində çıxış edib. O, dəyişən qlobal mühitdə birgə səylərin əhəmiyyəti, ölkələrarası ödəniş əlaqələrinin qurulmasında daxili ödəniş infrastrukturunun rolu, həmçinin beynəlxalq standartların tətbiqinin əhəmiyyəti barədə danışıb. Direktor Azərbaycanda milli ödəniş infrastrukturunun təkmilləşdirilməsi mərhələsinin uğurla tamamlandığını və hazırda beynəlxalq inteqrasiya imkanlarının strateji istiqamət kimi nəzərdən keçirildiyini bildirib. Kəmalə Qurbanova ölkədə ani ödəniş sisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən son tədbirlər, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsi və vahid QR standartının tətbiqi barədə məlumat verib.

Qeyd edək ki, “Central Banking” tərəfindən təşkil olunan forum mərkəzi banklar arasında təcrübə mübadiləsi, beynəlxalq ödənişlərin real vaxt rejimində icrası və maliyyə inklüzivliyinin genişləndirilməsi məsələlərinin müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayıb.