USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mikromaliyyə sektorunun mənfəəti açıqlandı

22.05.2018 Bank
0 0
“Aqrarkredit” QSC istisna olmaqla 2017-ci ilin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən 46 bank olmayan kredit təşkilatının (BOKT) və 76 kredit ittifaqının cəmi aktivləri bu il yanvarın 1-nə 364,629 mln. manat təşkil edib.

"Kommersant.Az" xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 9,3% azdır.

Mikromaliyyə sektorunun aktivlərinin 266,337 mln. manatını və yaxud 73%-ni müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Ötən il sektorun kredit portfeli 11,6% kiçilib.

2017-ci ildə BOKT-ların və kredit ittifaqlarının cəmi öhdəlikləri 17,9% azalaraq 260,812 mln. manata düşüb, cəmi kapitalı isə 23,35% artaraq 103,817 mln. manata çatıb. O cümlədən ötən il sektorun nizamnamə kapitalı 41,1% artırılaraq 109,702 mln. manata çatdırılıb.

Ötən il mikromaliyyə sektorunun faiz gəlirləri 61,7 mln. manat (əvvəlki ilə nisbətən 32,4% az), faiz xərcləri 22,5 mln. manat (20,1% çox), qeyri-faiz gəlirləri 42,809 mln. manat (11% çox) təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 26,709 mln. manat olub ki, bu da illik müqayisədə 13,8% azdır.

2017-ci ildə BOKT-lar və kredit ittifaqları aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2016-cı ilə nisbətən 83,2% az – 13,602 mln. manat ayırıb, 70,1% çox – 8,107 mln. manat mənfəət vergisi ödəyib. Bununla da, mikromaliyyə qurumları ötən ili 4,57 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, sektor 2016-cı ildən 55,407 mln. manat xalis zərərlə çıxmışdı.