Rəsmi məzənnə ilə bankların məzənnələri arasında olan fərq - MƏRKƏZİ BANK AÇIQLAYIR

22.05.2020 Bank
Bu ilin I rübündə rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış və satış məzənnələri arasında fərq 0,2% (0,0041 manat) olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata əsasən, 2020-ci ilin ötən dövründə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Rüb ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib.

"Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Rüb ərzində kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6986, satış məzənnəsi isə 1,7027 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış və satış məzənnələri arasında fərq 0,2% (0,0041 manat) olub.",-deyə məlumatda qeyd olunub.

Rüb ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Belə ki, manatın məzənnəsi türk lirəsinə qarşı 10,6%, qazax tengesinə qarşı 18,4%, Rusiya rubluna qarşı 28%, Ukrayna qrivnasına qarşı 17,6%, gürcü larisinə qarşı 14,8% bahalaşıb. Manat bu dövrdə İsveçrə frankına nəzərən 1,3%, Yapon yeninə qarşı isə 0,8% ucuzlaşıb.

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Rüb ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 6,1%, real effektiv məzənnəsi isə 7,4% bahalaşıb.

(c)APA