USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızıla tələbatda son 11 ilin rüblük minimumu qeydə alındı

29.10.2020 Bank
0 0
Bu ilin üçüncü rübündə dünyada qızıla olan ümumi tələbat ötən ilin analoji dövrü ilə müqayisədə 19% azalaraq 892 tona düşüb.

Dünya Qızıl Şurasının (WGC) "Qızıla tələbatın dinamikası" adlı hesabatına istinadən xəbər verir ki, bu, 2009-cu ildən bəri ən aşağı rüblük göstəricidir.

Hesabatda vurğulanır ki, azalmaya əsasən istehlakçıların COVID-19 pandemiyasının təsirini hiss etməyə davam etmələri səbəb olub.

İlin əvvəlindən qiymətli metala olan tələbat 2,97 min ton təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10% azdır.

Bununla belə, WGC qeyd edir ki, üçüncü rübdə qızıla olan investisiya tələbi keçən ilə nisbətən 20%-dən çox artıb. Belə ki, dünya üzrə investorlar 222,1 ton qızıl külçə və sikkə (ötən ilə nisbətən 49% çox) alıblar. Ən böyük artım Qərb bazarlarında, Çin və Türkiyədə olub. Əlavə olaraq, sərmayəçilər qızıl dəstəkli birja əməliyyat fondları (ETF) hesabına 272,5 ton qızıl alıblar. İlin əvvəlindən bəri qızıl ETF-lər aktivlərini 1 000 tondan çox artırıblar və hazırda onların ehtiyatları rekord həddədir – 3,88 min ton təşkil edir.

"İnvestorlarla bağlı durumu qiymətləndirərkən üçüncü rübdə qızıl dəstəkli ETF-ə rekord həcmdə yeni axın görürük və bu da misli görünməmiş yüksək qlobal göstəricilərin qeydə alınmasına gətirib çıxarıb. Bu rübdə qızılın pərakəndə investorlar üçün etibarlı "sığınacaq" olaraq ortaya çıxması da ürəkaçandır. Çünki insanlar bazarlardakı dəyişkənliklər şəraitində sabitlik axtarmağa davam edirlər", - Dünya Qızıl Şurasının analitiki Luiza Strit deyib.