Yasamal rayon məhkəməsinin hakimi Ayaz Məmmədov mənim vəsatətimlə ləğv prosesində olan bankların məhkəmə işləri üzrə çox vacib akt qəbul edib. Nümayəndəlik institutunu düzgün anlamayan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) müflis bankların borclularına qarşı iddiaları düzgün vermir. Belə ki, iddiaçı qismində “ləğv prosesində olan filan bankın ləğvedicisi ƏSF” yazır. İddia ərizəsini də məhz ƏSF-in işçisi imzalayır (hüquqi şəxsi yalnız onun işçisi təmsil edə bilər). Halbuki, iddiaçı bankın özü olmalıdır. ƏSF yalnız onun qanuni nümayəndəsidir. Necə ki, hər hüquqi şəxsin icra orqanı (direktor, İdarə Heyətinin sədri və s.) onun qanuni nümayəndəsidir. Ləğv prosesində olan bank da hüquqi şəxsdir, yalnız bank lisenziyası yoxdur. Deməli, məhkəmədə də onu yalnız öz işçisi təmsil edə bilər. ƏSF-in işçisi yox!”
Kommersant.az-ın xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, bu mövqeyi rəhbər tutaraq ləğv prosesində olan bankların birinin borclusuna qarşı ƏSF-in iddiası Yasamal rayon məhkəməsinin qərardadı ilə baxılmamış saxlanılıb: “Dərc etdiyim qərardad ƏSF-in bütün məhkəmə işlərində ciddi dəyişikliyə səbəb ola bilər. Belə ki, ƏSF-in indiyə kimi apardığı işlər üzrə məhkəmə aktları qanunsuz olub. Deməli, ən azı hazırda gedən işlərinə (o cümlədən apellyasiya və kassasiya instansiyalarında) xitam verilə bilər. Bunu ilk növbədə müflis bankların kreditorları (orada pulu qalanlar) bilsin. ƏSF sizin pulları bax belə “qaytarır”. Savadsız...”