ABB-dən media nümayəndələri üçün təlim

25.07.2018 Bank
Təlimin təşkilində məqsəd media nümayəndələri arasında əlaqələri, həmrəylik ruhunu gücləndirmək, onları komanda quruculuğu, kommunikasiya sahəsində yeni təcrübələrlə tanış etmək olub.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı milli mətbuatımızın 143-cü ildönümü münasibətilə media nümayəndələrini bir araya gətirib. Bank jurnalistlər, bloggerlər, jurnalist-tələbələr üçün “Jurnalistikada kommunikasiya effekti: ünsiyyətdən həmrəyliyə” mövzusunda təlim təşkil edib. Tədbir iştirakçıları komanda şəklində yerinə yetirilən tapşırıqlar, qurulan strategiyalar və verilən birgə qərarlarla kommunikasiya proseslərinə qatılıblar.

Təlimi Azərbaycanın biznes məkanında kifayət qədər tanınmış - təlim, fərdi inkişaf və komanda quruculuğu üzrə korporativ məsləhətçi, Lego SP, Avropa Şurasının insan kapitalı eksperti Marina Daliba aparıb. Təlimə müxtəlif televiziya və radio qurumlarından, informasiya agentliklərindən, qəzetlərdən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən, eləcə də fərdi jurnalistlər və bloggerlər arasından 60-dan çox iştirakçı qatılıb.

Azərbaycan Beynəlxalq Bankının marketinq departamentinin direktoru Nigar Tahirova tədbirin məqsədini belə izah edib:

“Məqsədimiz media nümayəndələrimiz üçün faydalı olmaq, onların fərdi inkişafına, eyni zamanda peşə həmrəyliyinə töhfə verməkdir. Təlimdə iştirak edən qonaqlarımız ümid edirik ki, maraqlı təcrübələrlə yanaşı, yeni dostluqlar da qazandılar. Azərbaycan Beynəlxalq Bankı olaraq bu cür tədbirləri yenə davam etdirmək niyyətindəyik”.