USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZIR indeksi uçot dərəcəsinə yaxınlaşıb - AMB

13.11.2025 Bank
0 0
Əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər nəticəsində AZIR indeksi uçot dərəcəsinə yaxınlaşıb və aradakı spred minimum səviyyəyə çatdırılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, cari ilin əvvəlindən iyun ayının sonunadək AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı spred ortalama 0.18 faiz bəndi olduğu halda, iyulsentyabr aylarında ortalama 0.04 faiz bəndinədək azalıb. 2025-ci ilin 9 ayı ərzində açıq bazar əməliyyatları qismində likvidliyin tənzimlənməsində dəstəkləyici alət kimi 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərracların keçirilməsi davam etdirilib.

Ümumilikdə, dövr ərzində Mərkəzi Bankın təşkil etdiyi müxtəlif müddətli not hərraclarının 118-i baş tutub. Bu hərraclardan 30-u 28 günlük, 29-u 84 günlük, 30-u 168 günlük, 29-u isə 252 günlük notlar üzrə olub. 2025-ci ilin 9 ayında dövriyyədə olan notların qalığı bank sistemindəki vəziyyətdən asılı olaraq dəyişkən olub, avqust ayında 744.2 milyon manat olmaqla özünün maksimumuna çatıb. Sentyabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 622.4 milyon manat təşkil edib.

O da qeyd edilib ki, əməliyyat çərçivəsinin təkmilləşdirilməsi ilə bağlı fevral ayından not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb. Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6.92%, 84 günlük notlar üzrə 6.94%, 168 günlük notlar üzrə 6.99%, 252 günlük notlar üzrə isə 7.06% olub.

Qeyd edək ki, AZIR — “Azerbaijan Interbank Rate” (Azərbaycan Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) — Azərbaycanda milli valyuta ilə banklararası təminatsız qısa­müddətli kredit-borc əməliyyatlarının orta faiz dərəcəsini əks etdirən göstəricidir.