USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edib

13.04.2026 Bank
0 0
Ödəniş sistemləri iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı hədləri təsdiqlənib.

Kommersant.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Qeyd edilib ki, ölkə daxilində ödəniş kartları ilə müəyyən MCC kodları (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təyin edilən kod) üzrə aparılan ödənişlərdə interçeyncin yuxarı hədləri müəyyən edilib.

Belə ki, aptek və ərzaq mağazaları (supermarketlər) kateqoriyalarına aid əməliyyatlar üzrə interçeyncin yuxarı həddi ödəniş məbləğinin 1,25%-i, yanacaq (petrol) kateqoriyası üzrə 0,75%-i, ümumi (general) kateqoriya üzrə isə 1,5%-i səviyyəsində müəyyən olunub.

Qərarda qeyd edilib ki, göstərilən kateqoriyalara daxil olmayan digər MCC kodları üzrə ölkə daxilində kartla aparılan ödənişlər üçün interçeyncin yuxarı həddi müəyyən edilmir.

Sənədə əsasən, təsdiq edilən yeni tariflər 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək. Qərar qüvvəyə mindikdən sonra müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim ediləcək.