USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rus rublu ilə bağlı bəd xəbər - “Qara valyuta” bazarları açıldı

16.03.2022 İqtisadiyyat
0 0
"Artıq Rusiyanın böyük şəhərlərində "Qara valyuta” bazarları var. Son məlumatlara görə, 140-150, bəzi hallarda 135 rubl 1 dollar civarında məzənnələr formalaşıb. Bu məzənnələr də şəhərdən-şəhərə fərqlənir”.

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli son günlər rublun dirçəlişi və perspektiv rubl üçün nə vəd edir sualına cavabında deyib.

Ekspert rublla bağlı vəziyyətin fərqli olduğunu bildirib:

"Müxtəlif platformalarda müxtəlif mərhələləri var, hətta Moskva birjası hələ açılmayıb. Sadəcə, Moskva birjasının elektron ticarəti açıqdır, orada Mərkəzi Bankın nəzarət etdiyi və yaxud da tənzimləməyə çalışdığı bir məzənnə var. Amma London birjasında və eləcə də rublla ticarət etmək mümkün olan yerlərdə fərqli-fərqli məzənnələr görürük. Düzdür, əvvəlki ajiortaj xeyli dərəcədə düşüb, bu da danışıqlar prosesi ilə əlaqəlidir”.

İqtisadçı hazırda Ukrayna ilə Rusiya arasında danışıqlarların getdiyini vurğulayıb:

"Belə bir ümid var ki, yaxın zamanlarda Rusiyanın təcavüzü bitəcək, müharibə dayanacaq. Bu ümid həm neft qiymətlərinə təsir göstərdi, həm də rubl möhkəmləndi. Amma problem başqadır.

Artıq Rusiyanın media qruplarında "Qara bazar”ın formalaşması haqqında məlumatlar yayılıb. Yəni, valyutadəyişmə məntəqələrində dollar almaq mümkün deyil. Banklardan dollar almaq olmur. Həm də sentyabr ayına kimi nəğd dollar satışına qadağalar var. Ona görə də "Qara bazar” formalaşıb”.

Ekspert sonda hələlik rublun normal bank məzənnəsinin hələ də müəyyənləşdirilmədiyini qeyd edib.