USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FAO tezliklə Azərbaycanda tərəfdaşlıq proqramının yeni mərhələsini elan edəcək

31.10.2022 İqtisadiyyat
0 0
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə tərəfdaşlıq proqramının tezliklə yeni mərhələsinin qəbul edilməsi gözlənilir.

Bunu FAO-nun Mərkəzi Asiya üzrə Subregional Koordinatoru Viorel Qutsu deyib.

"Biz ümid edirik ki, FAO-Azərbaycan tərəfdaşlıq proqramının yeni, ikinci mərhələsi tezliklə hökumət tərəfindən qəbul ediləcək və əməkdaşlığımız tamam başqa səviyyəyə keçəcək", - deyə V.Qutsu bildirib.

Onun sözlərinə görə, FAO-nun kənd yerlərinin inkişafı sahəsində həll edə biləcəyi texniki xarakterli problemlər yerlərdə konkret nəticələrə gətirib çıxara və insanların, xüsusən də Azərbaycanın kənd yerlərində yaşayan insanların həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıra, həmçinin ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif məsələlərə təsir göstərə bilər.

V.Qutsu vurğulayıb ki, FAO təbii sərvətlərin, yəni kənd təsərrüfatı məhsullarının səmərəli istehsalının açarı olan torpaq, su sərvətləri, biomüxtəlifliyin qorunmasına diqqət yetirir.

"Biz Azərbaycan hökuməti ilə müxtəlif sahələrdə intensiv dialoqu davam etdiririk. Mən artıq kənd təsərrüfatı naziri, ekologiya və təbii sərvətlər naziri ilə görüşmüşəm. Bizim regional səviyyədə bir neçə təşəbbüsümüz var ki, onları Azərbaycanda daha da çox irəlilətmək istəyirik. Bizim çox sıx və fəal əməkdaşlığımız var və biz işi daha da genişləndirmək üçün birlikdə çalışacağıq", - deyə V.Qutsu əlavə edib.