USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni vergi sisteminə görə kim nə qədər maaş alacaq?

03.12.2018 İqtisadiyyat
0 0
Milli Məclis "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsini təsdiqləyib.

"Kommersant.az" xəbər verir ki, yeni qanun layihəsində mühüm dəyişikliklər nəzərə çarpır. Qanunda nəzərdə tutulur ki, gəliri 8000 manata qədər olan muzdlu işçilər gəlir verigisindən azad olunacaq və sadəcə 8000 manatdan çox olan hissəsinin 14 faizi miqdarında gəlir vergisi ödəyəcəklər.

Bəs muzdlu işçi kimdir? Əmək müqaviləsi ilə çalışanlar, yoxsa xidməti müqavilə ilə?

İqtisadçı-ekspert Natiq Cəfərli bu dəyişiklikləri şərh edib:

"Muzdlu işçilər əmək müqaviləsi olanlardır. Bunların sayı ölkədə 1 milyon 560 minə yaxındır. Onların da təxminən 900 mindən bir az çoxu dövlət sektorunda, qalanı isə özəl sektorda çalışır. Gəlir vergisinin güzəştləri də yalnız qeyri-neft süktoru üzrə özəl sahəyə şamil ediləcək".

Muzdlu işçilər və işəgötürənlər sosial müdafiə üçün nə qədər ödəniş etməlidirlər? Ekspert bunu belə şərh edib:

"Muzdla çalışanlar əmək haqqının 200 manatdan çox olan hissəsinin 10 faizi + 6 manat məbləğində Sosial Müdafiə Fonduna ödəniş edəcəklər. Məsələn, muzdlu işçi 9000 manat məbləğində maaş alırsa, 8000 manatdan çox olan hissənin, yəni 1000 manatın 14 faizi miqdarında gəlir vergisi ödəyəcək, həmçinin 200 manatdan çox olan hissənin, yəni 8800 manatın 10 faizi miqdarında + 6 manat isə sosial müdafiə üçün ödəniş edəcək".

Nümunə: 9000 manat əmək haqqı alan muzdlu işçi

Gəlir vergisi: 1000 X 0,14 = 140 manat

Sosial müdafiə: 9000 - 200 = 8800; 8800 x 0,10 + 6 = 886 manat

Nümunə: 500 manat əmək haqqı alan muzdlu işçi

Gəlir vergisi: 0%

Sosial müdafiə: 300 x 0,10 + 6 = 36 manat

Əlində qalan pul: 500 - 36 = 464 manat

"İşəgötürən isə yeni dəyişikliyə görə 200 manatdan çox olan hissənin 15 faizi + 44 manat miqdarında sosial müdafiə ödənişi edəcək".

Nümunə: 500 manat verdiyi işçi üçün

Sosial müdafiə: 300 X 0,15 + 44 = 89 manat

"Xidməti müqavilə ilə çalışanlar üçün isə ayrıca qərarlar var. Tikinti və ticarət sahəsində çalışanlar yeni dəyişikliyə görə Sosial Müdafiə Fonduna minimum əmək haqqının 50 faizini, xidmət sahəsində çalışanlar isə 25 faizini ödəyəcəklər".

Belə bir söhbət var ki, sadələşdirilmiş vergi ilə çalışan müəssisə ƏDV ödəyicisi olan müəssisə ilə əməkdaşlıq edirsə, ƏDV ödəyicisinə çevriləcək:

"Burda da həm xidmət sahəsi üçün, həm də digər sahələr üçün güzəştlər nəzərdə tutulub. Sadələşdirilmiş vergi ilə çalışan müəssisənin dövriyyəsi 200 mini keçsə 2 faiz yox, 6 faiz gəlir vergisi ödəməli olacaq. Amma ticarət sahəsində yenilik var. Belə ki, ticarət sahəsində çalışanlara o güzəşt ləğv olunub. Yəni, onların dövriyyəsi 200 mini keçsə, avtomatik ƏDV-yə düşəcək. Mənə elə gəlir ki, qanunvericiliyin bu hissəsində boşluq var. Əgər hər hansısa fiziki şəxs görsə ki, dövriyyəsi 200 mini keçir, bu zaman ailə üzvlərindən birinin adına yeni bir VÖEN açıb, daha bir dövriyyə yaradaraq ümumi dövriyyənin 200 mini keçməsinin qarşısını alacaq. Bu da tam qanunidir. Mənə elə gəlir ki, müxtəlif təşfiq proqramları ilə bu məsələdə fiziki şəxslərin vergidən yayınmalarının qarşısını almaq mümkün idi. Dəyişikliklər kifayət qədər genişdir. Hətta belə desək inqilabi dəyişikliklərdir, bu günə qədər belə dəyişikliklər olmayıb. Amma bəzi məsələlər var ki, sona qədər düşünülməyib. Məsələyə təkcə cəza ilə deyil, təşfiq müstəvisindən də baxılmalı idi. Yəni, təşfiq vasitəsilə də, iş adamlarını maraqlandırmaqla da müəyyən addımlar atılmalı idi. Təəssüf ki, əsas cəzalar nəzərdə tutulub".

Bütün bu dəyişikliklər qiymət artımına necə təsir edəcək? Ekspert bildirib ki, bəzi sahələrdə qiymət artımı ola bilər:

"Avtomobil bazarında bahalaşma olacaq. Çünki orada aksizlərin artımı gözlənilir. Motor həcmi 2 litrə qədər olan avtomobillərdə artım daha az nəzərə çarpacaq, amma 2 litrdən çox olanlarda daha ciddi şəkildə artım hiss olunacaq. Avtobusların gətirilməsində də aksiz vergiləri artırılacaq. Bu da nəqliyyat xərclərinin artımına səbəb ola bilər. Ərzağa gəldikdə isə birbaşa əlaqə olmasa da, dolayısı ilə daha çox vergi ödənilməsi həm gömrükdə, həm də vergilərdə şəfaflığın artırılması nə qədər qəribə səslənsə də ola bilsin ki, xərcləri də artıracaq. Xərclərin artması da bu sahədə müəyyən qədər qiymət artımına səbəb ola bilər. Amma çox böyük qiymət artımından söz getmir. Vergi islahatları maksimum 5 faiz civarında qiymətlərə təsir edə bilər".

Qaynarinfo

  • Əvvəlki

    “Fitch” Qətərin OPEC-dən çıxmasını şərh edib

Digər xəbərlər