Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubad-Bakı yolu istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82% təşkil edir) hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.
"Kommersant.az" xəbər verir ki, ötən il prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə 150 milyon manat ayırıb. Bu gün isə (AAYDA) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda çatlar yaranması ilə bağlı məlumat yayıb.
Bu məlumatdan sonra kiçik bir araşdırma apardıq: Dağılan yol ötən il keyfiyyətlə tikilməsinə dair məlumat verilən 150 milyonluq yoldurmu?
Saytımıza məsələ ilə bağlı açıqlama verən AAYDA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli sözügedən iki yolun bir-birilə əlaqəsi olmadığını bildirdi:
"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədində çəkilən yol yeni yoldur. Həmin yolun hazırda dağıntılar yaranmış Bakı-Gəndob yolu ilə əlaqəsi yoxdur. O zaman verilən məlumat Rusiya istiqamətində hərəkət edəcək avtomobillər üçün çəkiləcək yol idi, bu yol isə Bakı-Quba-Rusiya yolunun Bakı-Gəndob hissəsini əhatə edir".
Qeyd edək ki, AAYDA artıq 100 ildir ki, fəaliyyətdədir. Bu gün Bakı-Gəndob yolunun dağılmasına səbəb kimi isə yolun inşası zamanı yol verilən konstruktiv səhvləri göstərir.