Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azərkosmos” ASC arasında Memorandum imzalanıb

22.06.2018 İqtisadiyyat
İyunun 22-də “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ASC-dən "Kommersant"a bildirilib ki, görüş çərçivəsində nümayəndə heyətinə “Azersky” – Yer səthinin məsafədən müşahidə peykindən əldə edilən peyk təsvirləri vasitəsilə “Azərkosmos” ASC-nin ekologiya sahəsində yerinə yetirdiyi layihələr barədə geniş məlumat verilib. Bundan əlavə, “Azersky” peykinin təsvirləri vasitəsilə icrası davam edən üç mühüm layihə – “Meşə fonduna daxil olan torpaqlarda meşələrin mövcud vəziyyətinin monitorinqi”, “Azərbaycan Respublikası göllərinin kadastrının hazırlanması” layihələri, eləcə də “Torpaqların şoranlaşma səviyyəsinin qiymətləndirilməsi və şoranlaşma dərəcəsinin müəyyən edilməsi” üzrə pilot layihənin ilkin nəticələri qonaqlara təqdim edilib.

Görüşdə, həmçinin “Azərkosmos” ASC-nin dəvəti ilə Azərbaycana səfər etmiş Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) nümayəndələri Yer səthinin məsafədən müşahidəsi sahəsində təcrübələrini və həyata keçirilmiş layihələrini təqdim edib, eləcə də birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüşün sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azərkosmos” ASC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərkosmos” ASC arasında ekologiya və təbii sərvətlərin monitorinqi məqsədilə müasir və yüksək texnologiyalardan geniş istifadəyə, ətraf mühitin kosmosdan tədqiq edilməsinə və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına dair razılıq əldə olunub.

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.