USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nağdlaşdırma vergisi yenidən gündəmdə - Milli Məclisdə baxılacaq

01.03.2021 İqtisadiyyat
0 0
Konstitusiya Məhkəməsi banklarda vəsaitləri nağdlaşdırılarkən fərdi sahibkarlardan və hüquqi şəxslərdən tutulan 1%-lik verginin tətbiqi məsələsini baxılması üçün Milli Məclicə göndərib.

"Kommersant.az" xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib. Bildirib ki, adıçəkilən verginin ləğv olunmasına dair şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Palatası qərardad qəbul edib:

“Fərdi sahibkar kimi məndən tutulmuş həmin vergi ilə bağlı 2017-ci ildə vergi orqanına qarşı iddia qaldırmışam. Həmin iddiama 2 dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində (indiki Bakı İnzibati Məhkəməsi), 5 dəfə Bakı Apellyasiya Məhkəməsində, 5 dəfə də Ali Məhkəmədə baxılıb. Birinci instansiya məhkəməsi hətta iddiamı ikinci dəfədən təmin edib. Lakin yekunda həmin qərar ləğv edildi və ötən il Konstitusiya Məhkəməsinə şikayət etdim. 5 fevral 2021-ci il tarixdə Konstitusiya Məhkəməsinin Palatası şikayətimlə bağlı qərardad qəbul edib. Şikayətimdə sözügedən verginin 6 əsasla (qeyri-müəyyəndir, ödəmə mənbəyində tutulması yolverilməzdir, ədalətsizdir, diskriminasiya xarakteri daşıyır, ikiqat vergitutmadır, iqtisadi cəhətdən əsassızdır) qanunsuz olduğunu iddia etsəm də, qərardadda nədənsə yalnız birincisinə (bu verginin müəyyən edilməmiş hesab edilməsi arqumenti) münasibət bildirilib”.

Konstitusiya Məhkəməsi hüquqşünasın həmin arqument üzrə şikayətini icraata qəbul edilməsindən imtina edib. Səbəbini belə izahe dib ki, vergilərin müəyyən edilməsi Milli Məclisin səlahiyyətinə aid edilib. Milli Məclis də həmin vergini Vergi Məcəlləsində müəyyən edib, işə baxan məhkəmələr də Məcəlləni tətbiq ediblər. Lakin Ə.Həsənov bu cavabla razılaşmır:
“Əslində, bu məntiqlə Konstitusiya Məhkəməsi onda gərək heç bir qanunun Konstitusiyaya uyğunluğunu yoxlamasın. Axı həmin qanunları Milli Məclis qəbul edib, məhkəmələr də tətbiq edir də! Yəni bu yanaşma bütövlükdə Konstitusiya Məhkəməsinin mahiyyətinə ziddir. Onun əsas işi elə qanunların qanuniliyini yoxlamaq və onlara şərh verməkdir”.

Hüquqşünasın sözlərinə görə, sözügedən qərardadın 2-ci bəndi ilə onun qaldırdığı məsələlərin həlli baxılması üçün Milli Məclisə göndərilməsi qərara alınıb: “Bu isə o deməkdir ki, faktiki olaraq Konstitusiya Məhkəməsi sözügedən verginin qanuni əsaslarında hansısa problemləri görür. Düzdür, digər tərəfdən, görürsə, işi icraata qəbul edib baxmalı idi. Bu baxımdan parlamentə müraciətin mənası nədir? Konstitusiya Məhkəməsi qanunların şərhindən boyun qaçırmamalıdır. Çünki qanunlarda həmişə boşluq və ziddiyyətlər olur. Konstitusiya Məhkəməsinin də işi elə ondan ibarətdir ki, şərh verməklə onları aradan qaldırsın. Bunu etmirsə, özü də vergi kimi mühüm məsələdə, Konstitusiya Məhkəməsi kimə lazımdır?”

Bununla belə, Konstitusiya Məhkəməsinə minnətdarlıq edən Ə.Həsənov qeyd edib ki, ən azı formal da olsa, parlamentin bu məsələyə yenidən baxacağını gözləmək olar. Yəni, bu verginin şübhəli olması gündəmdədir.