Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyasında iştirak etmək üçün Brüssel şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ikitərəfli görüş keçirib.
Komitədən "Kommersant"a verilən məlumata görə, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə direktoru Ernani Checcucci ilə görüşdə Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən, eyni zamanda, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətindən bəhs olunub. Ofisin bölgə ölkələrinin gömrük əməkdaşlarının peşə hazırlığının artırılmasındakı rolu vurğulanıb, indiyədək burada həm regional, həm də beynəlxalq tədbirlərin keçirildiyi bildirilib.
ÜGT ilə Azərbaycan gömrüyü arasında uzunmüddətli səmərəli əlaqələrin qurulduğunu qeyd edən S.Mehdiyev müxtəlif sahələrdə qarşılıqlı işgüzar münasibətlərin, xüsusilə də kadr potensialının gücləndirilməsilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını deyib, gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini bildirib.
ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə direktoru E.Checcucci təmsil etdiyi təşkilatla Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Bakı şəhərindəki regional ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.
ÜGT ilə Azərbaycan Gömrük Xidməti arasında bütün sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu deyən E.Checcucci təmsil etdiyi qurumun gömrük əməkdaşlarının potensialının gücləndirilməsi istiqamətində bundan sonra da öz dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.