USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektrik enerjisi üzrə gecə və gündüz tarifləri məsələsi gündəmdə - AÇIQLAMA

23.02.2023 İqtisadiyyat
13 2
"İstehlakçının istifadə etdiyi elektrik enerjisinə görə gündüz-gecə tarifi dünyanın bir çox ölkəsində, o cümlədən bəzi MDB dövlətində tətbiq edilir".

Kommersant.az xəbər verir ki, bunu neft-qaz məsələləri üzrə ekspert İlham Şaban ölkəmizdə elektrik enerjisinə gündüz-gecə tariflərinin tətbiq edilməsinin mümkünlüyü haqqında danışarkən deyib.

Ekspert qeyd edib ki, bəzi ölkələrin bu qaydaya keçməsinin əsas səbəbi istehlakçını pik saatlarda enerjidən qənaətlə, digər zamanlarda isə rasional istifadəyə təşviq etməkdir:

“Elektrik enerjisindən istifadə daha çox səhər və axşamlar olur. Səhər saatlarında insanlar yuxudan oyanan zaman bütün elektrik avadanlıqlarından, bir də axşam işdən qayıdanda təxminən dörd saat müddətində elektrikdən istifadə edirlər. Bu dövr ərzində elektrik stansiyaları da daha çox enerji istehsal etməlidir. Əks təqdirdə müəyyən problemlər yaranır. Və yaxud xarici ölkələrdən elektrik enerjisinin idxalı artmalıdır".

İlham Şabanın fikrincə, insanlar özü də reallıqları anlamalıdır:

"Bu, bir qədər mürəkkəb məsələdir. Biri var stabil işləyən generator, biri də var 50 meqavatt gücündə çalışan stansiya. Elektrik enerjisi işləyən zaman istehsal gücü azalır, 30 meqavata düşür, axşamüstü 60 meqavata qalxır. Elektrik stansiyaları da qazla idarə olunur. Elektrik enerjisinə qənaət həm də qazın yataqdan rasional şəkildə çıxardılmasını azalda bilər. Bizim yaxşı ki, yeraltı qaz anbarımız var. Rasionallığı onunla tənzimləyirik".

Ekspert qeyd edib ki, müasir dövrdə elektrik enerjisinə tələbat çox artıb. Artıq elektrik avadanlıqları həyatımızda daha çox yer tutur:

"Hətta bundan sonra elektromobillər də həyatımızda xüsusi yer tutacaq".

Ölkəmizdə bu sahədə görülən işlərdən danışan ekspert bildirib ki, hazırda dövlətin əsas məqsədi elektrik enerjisi sektorunu dövlət nəzarətindən çıxarıb, bazara təqdim etməkdir:

"Elektroenergetika haqqında" qanun layihəsi Milli Məclisə təqdim edilib. Layihə 5 il ərzində ölkədə bir çox yeniliklər, o cümlədən bazarın liberallaşdırılması, istehsalçı, hasil edilən elektrikin ötürülməsi, paylanması və satışını təşkil edən ayrıca 4 operator nəzərdə tutulub. Burada dövlətin monopoliyasının və dövlət tənzimlənməsinin aradan qaldırılması da hədəflənib. Dövlət tədricən bu siyasəti həyata keçirmək istəyir. Bəziləri bundan narahat olur. Ancaq hökumətin indiki hədəfi enerji sektorunu tamamilə dövlətin inhisarından çıxarmaq və bazar relsinə salmaqdır".

Ekspert qeyd edib ki, belə olan təqdirdə qiymətləri tələb-təklif, bazarda olan bir neçə özəl şirkət arasında sağlam rəqabət müəyyənləşdirəcək:

“Yəni bazarda bir yox, bir neçə “oyunçu” olacaq. Özəl sektorlar arasında rəqabət nəticəsində qiymət və xidmət dəyişəcək".

Qeyd edək ki, Milli Məclisdə elektrik enerjisi üzrə gecə və gündüz tarifləri məsələsi gündəmə gətirilib. Bununla bağlı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı fikirlər səsləndirilib.

  • Əvvəlki

    Bu sığorta agentlərinin lisenziyaları əllərindən alındı - SİYAHI

Digər xəbərlər