USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyevin Tacikistan səfəri hansı nəticələrə səbəb olacaq? - ŞƏRH

05.04.2023 İqtisadiyyat
25 5
"Azərbaycan Prezidentinin Tacikistana səfəri hər iki ölkənin siyasi və iqtisadi münasibətləri üçün çox mühüm önəm kəsb edir".

Kommersant.az xəbər verir ki, bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli İlahm Əliyevin Tacikistana səfərinin iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətindən danışarkən deyib.

Eyyub Kərimli bildirib ki, bu gün ölkələrimiz arasında iqtisadi dövriyyə ümumilikdə 10 milyon dollardır. Azərbaycan Tacikistan iqtisadiyyatına milyon yarım investisiya qoyub:

"Göründüyü kimi bu dövriyyə azdır. Tacikistanın çox böyük iqtisadi potensialı var. Belə ki, Tacikistan hidro enerji və yaşıl enerji resurslarına görə dünyada 8-ci yeri tutur. Düşünürəm ki, yaşıl və alternativ bərpa olunan enerji, həm hidroenerji sahəsində Azərbaycanın Tacikistana böyük investisiya qoymaq imkanı var, həm də ölkələrimiz arasında sahibkarlığın inkişafına böyük töhvə verəcək. Digər tərəfədən, Tacikistanın iqtisadiyyatına müsbət təsir edəcək".

İqtisadçının sözlərinə görə, bu gün Tacikistanın büdcəsi 3 milyard dollar, ümumdaxili məhsulu 12 milyard dollara yaxındır:

"Bunlar çox da böyük rəqəm deyil. Buna baxmayaraq, Tacikistan Qırğızıstan, Özbəkistan, Çin və Əfqanıstanla sərhəddir. Tacikistanın ölkəmizlə strateji münasibətləri tarixən çox yaxşı olub”.

Eyyub Kərimli əlavə edib ki, Tacikistan həm də KTMT-nin üzvüdür. Buna baxmayaraq, həmişə Aəzrbaycanın haqq səsini, mövqeyini dəstəkləyir:

“Hesab edirəm ki, bu baxımdan da həm iqtisadi, həm də siyasi münasibətlərimizin möhkəmləndirilməsində Prezidentin səfəri əhəmiyyətli rol oynayacaq. Bu da gələcəkdə ölkəmizin logistik xəttinin fəaliyyətinə zəmin yaradacaq. Tacikistan tarixən infrastruktur və böyük enerji layihələrindən kənarda qalan ölkədir. Ölkənin türk dünyası ölkələrinə inteqrasiya edilməsi hesab edirəm ki, Azərbaycan, Türkiyə və türk dövlətlərinin strateji maraqlarına uyğun olacaq".

  • Əvvəlki

    “İlham Əliyevin Tacikistana səfəri strateji konteksdə mühüm əhəmiyyət daşıyır” - Hikmət Babaoğlu

Digər xəbərlər