USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu təklif ziyanlı populizmdi" - Ekspert deputatın təklifini tənqid etdi

11.04.2023 İqtisadiyyat
12 10
“Bu təklif sırf populizmdən başqa bir şey deyil. Hətta ziyanlı populizmdir”.

Kommersant.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bu gün Milli Məclisin iclası zamanı deputat Tahir Kərimlinin dərmanlarla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Natiq Cəfərli qeyd edib ki, insanları kastalara bölmək, gəlirlərinə görə verifikasiya etmək olmaz: “İnsanlara dərmanlara çıxış imkanlarını bərabərləşdirmək lazımdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda dərman qiymətlərinin yüksək, keyfiyyətinin aşağı olmasının əsas səbəbi rəqabətsizlik mühiti və Tarif Şurasının qiymətləri məntiqsiz tənzimləmə cəhdidir:

“Tarif Şurasına bu funksiya veriləndən bəri ölkədə dərman qiymətləri yüksəldi, keyfiyyət isə aşağı düşdü. Çünki tənzimləmə mexanizmi yanlışdır. Dərmanlarda tənzimləmə molekullara görə aparılır və istehsalçı ölkələrin keyfiyyət göstəricilərinə görə qiymət müəyyənləşir. Bu zaman eyni molekul daha ucuz istehsalçı ölkədən gətirilib, daha baha qiymətə satılması ilə müşahidə olunur”.

Natiq Cəfərlinin sözlərinə görə, bu sahə Tarif Şurasına verilməzdən əvvəl ölkədə irili-xırdalı onlarla şirkət fəaliyyət göstərirdi. O şirkətlər müəyyən rəqabət yaradırdılar:

“Tarif Şurasının tənzimləmə mexanizmi yaradılandan bəri şirkətlərin böyük əksəriyyəti sıradan çıxarıldı. Bu qiymətlərlə çalışa bilmədilər, böyük şirkətlərə şərait yarandı. Ölkədə dərman bazarı təmərküzləşərək bir neçə böyük şirkətin əlində cəmləşdi. Onların da qiymətləri diktə etmək kimi imkan və fürsətləri yarandı. Ona görə də Tarif Şurasının indiki tənzimləmə mexanizmindən qəti imtina etmək etmək lazımdır. Sərbəst bazar rəqabəti şəraitində xarici şirkətlərin Azərbaycan bazarına daxil olmasına şərait yaratmaq lazımdır”.

Ekspert təklif edib ki, hökumət qiymətləri aşağı salmaq istəyirsə, dərman pereparatlarını 18 faizlik əlavə dəyər vergisindən azad etməlidir:

“Dərmanlara bu vergi ödənilməklə ölkəyə daxil olur. Buna son qoymaq lazımdır. Çünki ölkədə istehsalı olmayan, sosial xarakter daşıyan dərman pereparatlarının ölkəyə gətirlməsində bu qədər əlavə dəyər vergisi olmamlıdır. Ölkə 96 faiz dərmanlara görə xarici ölkələrdən asılıdır. Yerli istehsal olmadığı üçün yüksək vergilərə də ehtiyac yoxdur. Bu vergilər ləğv edilsə, qiymətlər avtomatik olaraq aşağı düşəcək. Və yaxşı olardı ki, deputtatlar bu təkliflə çıxış etsinlər”.

Qeyd edək ki, bu gün Milli Məclisin iclası zamanı deputat Tahir Kərimli çıxışı zamanı əhalinin kasıb təbəqəsi üçün apteklər açmağı, ucuz qiymətə dərman satmağı təklif edib.