USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yol-nəqliyyat hadisələrində artım var" - Ekspertdən sədrə CAVAB

11.04.2023 İqtisadiyyat
19 3
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin bu gün tədbirdə verdiyi açıqlama müzakirələr səbəb olub. Belə ki, o, əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 30 faiz, piyadaların iştirakı ilə baş verən qəzaların sayı isə 6 faiz azaldığını bildirib.

Maraqlıdır bəs, bu göstərilən nəticə reallığı nə qədər əks etdirir?

Məsələ ilə bağlı Lent.az-a danışan nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qəzaların azalması barədə verilən məlumatı əsassız sayır:

“Açıqlamada “əvvəlki illər” ifadəsi var ki, bu da çox mücərrəd mənadır. Göz qabağında olan odur ki, 2022-ci ilin 2021-ci illə müqayisədə yol nəqliyyat hadisələrinin sayında artım olub. Özü də bu kifayət qədər ciddi artım idi. Ölüm sayında isə 18 faiz artım vardı. Yəni 2021-ci ildə 706 nəfər dünyasını dəyişən var idi, bu rəqəm 2022-ci ildə isə 834-ə yüksəlmişdi. Bütün yol-nəqliyyat hadisələrində artım müşahidə olunur.

Bakı şəhəri respublikanın ən çox avtomobilləşmiş regionudur. Ona görə də bu artım Bakı şəhərində və Abşeron yarımadasında öz sözünü deyir”.

Hüquqşünasın sözlərinə görə, yollarda təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılmasında ciddi heç nə görünmür:

“Bakı və Abşeron yarımadasında yol-hərəkəti təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi bir dəyişiklik yoxdur. Ona görə də hələlik “radikal dəyişikliklərə nail olduq, yol-nəqliyyat hadisələrində zərərçəkənlər azaldı” kimi ifadələr işlədə bilmərik.

Bu statistika onu göstərir ki, azalmadan söz açmaq olmaz”.