USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadçı “InvestAZ”ın dələduzluqda ittiham olunmasından danışdı: - “Hüquq-mühafizə orqanları lazımı qiymət verməlidir...”

14.04.2023 İqtisadiyyat
13 31
İqtisadçı ekspert Hafiz Babalı son günlər sosial şəbəkələrdə və bir sıra internet saytlarında yayımlanan “InvestAZ” şirkətindən şikayətlərin artması və sözügedən şirkətin dələzduzluqda ittiham olunması barədə iddialara münasibət bildirib.

Hafiz Babalı Demokrat.az-a açıqlamasında deyib ki, “InvestAZ” şirkətinin fəaliyyətində əgər belə dələduzluq halları varsa, o zaman buna hüquq-mühafizə orqanları lazımı qiymət verməlidir.

“Əgər həmin iddialar müvafiq qurumlar tərəfindən araşdırılırsa, o zaman “qurbanlar” öz mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etməlidir. Bildiyimə görə, “InvestAZ” investisiya şirkətinə qarşı bu tipli ittihamlar əvvəllər də olub və ancaq məhkəmədə təsdiqini tapmayıb.

Məsləhətim odur ki, öz kapitalını idarə etməkdən ötrü investisiya şirkətinə etibar edən şəxslər imzaladıqları müvafiq müqaviləni diqqətlə oxusunlar ki, baş verə biləcək kazus hallarında müdafiəsiz qalmasınlar”.

Xatırladaq ki, bu yaxınlarda türkiyəli iş adamı Yunus Akgünün şikayəti əsasında “İnvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümid Akcanın barəsində cinayət işi açılmışdı.

İstanbul Ağır Cinayətlər Məhkəməsi hər üç şəxs barəsində bəraət hökmü çıxarsa da, İstanbul Prokurorluğu bununla razılaşmayıb. Prokuror bu hökmdən apellyasiya şikayəti verərək, “İnvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümid Akcanın həbs edilməsini istəyib. Lakin sonradan prokuror apellyasiya şiakyətini geri götürüb.

Zərərçəkən Yunus Akgün isə bu qərardan narazıdır.

1 milyon dollarının mənimsənildiyini iddia edən iş adamı Türkiyə mətbuatına açıqlamasında qeyd edirdi ki, “İnvestAZ”da öz hesabında olan pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb.

İş adamı bununla bağlı Bakıya da gələrək şirkət rəhbərliyi ilə görüşüb, rəsmi qurumlara müraciətlər edib.

Bu məsələ ilə bağlı “İnvestAZ” şirkətinin “Tam bəraət” başlığı ilə yayımladığı açıqlamada deyilir:

“Türkiyədə fəaliyyət göstərən “İnvestAZ Menkul Değerler A.Ş.” şirkətinə qarşı bəzi əsassız iddialar irəli sürülüb. Yunus Akgün adlı şəxs istər şirkət, istərsə də şirkət rəhbərliyinə qarşı başlatdığı haqsız və heç bir dəlilə söykənməyən iddialarla şirkətin etibarına xələl gətirmək niyyəti ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, bu şəxs bilərəkdən yalan məlumat verməklə şirkətin nüfuzuna zərər yetirmək məqsədilə müxtəlif media qurumlarında qara PR apararaq şirkətə maddi və mənəvi zərbə vurmağa çalışıb.

İstanbul Ağır Cəza Məhkəməsi bu şikayət üzərindən araşdırma apararaq 25.05.2021-ci il tarixdə bu iddiaların əsassız və həqiqətə uyğun olmadığını qərara alaraq, şikayətdə yer alan idarə heyətinin üzvləri tam olaraq bəraət qazandı.

Çox təəssüflə qeyd etmək istərdik ki, qeyd edilən iddiaların “İnvestAZ İnvestisiya Şirkəti” QSC-yə aidiyyəti olmadığı halda Azərbaycan mediasında bəzi saytlar qarşı tərəfin fikrini almadan, jurnalist araşdırması aparmadan şübhə yaratmaq məqsədli məqalələr dərc etmək istəmişdirlər. Şirkətimizin ictimaiyyətlə əlaqələr departamenti bu cür məcraları yaxından təqib edərək media qurumları ilə hər zaman dəqiqləşdirmə aparmağa və məlumatlandırmağa hazırdır. Bu kimi tədbirlər nəticəsində ölkəmizdəki media qurumları ilə şirkətimiz arasında güvənə dayanan sıx münasibətlər yaranıb.

Bir daha bu istiqamətdə bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk.

“İnvestAZ” şirkəti 20 ilə yaxındır ki, fəaliyyətdədir və daimi yüksək səviyyəli xidməti ilə müştərilərin etibarı və sevgisini qazanmışdır. Şirkətin əsl məqsədi ölkədə maliyyə savadlılığını artırmağa çalışmaq və insanlara müasir dövrün qazanc imkanlarını aşılamaq və öyrətməkdir”.