USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın yeni mədəniyyət naziri - DOSYE

14.04.2023 Siyasət
9 4
Prezidentin Sərəncamı ilə Adil Kərimli Azərbaycanın mədəniyyət naziri təyin edilib.

Kommersant.az xəbər verir ki, Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb.

2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləyib. 2003–2009-cu illərdə "Great Wall Drilling Company" şirkətinin Azərbaycan nümayəndəliyində Hüquq departamentinin rəhbəri vəzifəsində çalışıb. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əvəzçilik üzrə hüquq və beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib. "Milan Ekspo", "Dubay Ekspo" və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

2004–2010-cu illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub. 2014-cü ilin may ayından Azərbaycan Avtomobil Federasiyasının İdarə Heyətinin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli müvafiq sərəncamları ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdi.