“Azərbaycanda özəl toxumçuluq sektoru ürəkaçan deyil” - AÇIQLAMA

12.07.2018 İqtisadiyyat
Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, prioritet istiqamət özəl toxumçuluğun inkişaf etdirilməsidir.

"Azərbaycanda taxılçılığın 30-35%-i yerli istehsalçılar tərəfindən ödənilir".

"Kommersant" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bu gün Bakıda keçirilən Özəl toxumçuların I Ümumrespublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, prioritet istiqamət özəl toxumçuluğun inkişaf etdirilməsidir:

"Müxtəlif sahələri özündə əhatə edən kompleks tədbirlər həyata keçirəcəyik. Bu sahədə mövcud olan qanunvericiliyi inkişaf etdirmək istiqamətində müəyyən işlər görməyi üzərimizə götürmüşük".

M. Əliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün onlarla birgə kooperativlərin yaradılması, özəl toxumçuların maddi-texniki bazasını yeniləmək və onların maarifləndirilməsini qarşıya məqsəd qoyub: "Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün fermerlərə birgə maliyyələşməni həyata keçirəcək və onlara 1 mln. manat vəsait qrant şəklində veriləcək".