USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kriptovalyuta bazarı "qaynayır": Bundan sonra nələr gözlənilir? - PROQNOZ

20.04.2023 İqtisadiyyat
13 1
"ABŞ və Avropadakı bank böhranı "Bitcoin"in yanvar ayından başlayaraq 70%-dən çox dəyər qazanmasına səbəb olub".

Bu sözləri Kommersant.az-a kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib.

Elnur Quliyev qeyd edib ki, hər şey ABŞ banklarının (Silicon Valley Bank və Signature Bank) problemləri ilə başlayıb və aktivlərə görə İsveçrənin ikinci ən böyük bankı olan Credit Suisse-nin çöküşü ilə davam edib:

"ABŞ-ın 16-cı ən iri bankı olan və əsasən startapların maliyyələşməsi üzrə ixtisaslaşan Silicon Valley Bank-ın iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ən böyük bank iflası oldu. Nəzərə almaq lazımdır ki, bankdakı depozitlərin 87%-i sığortalanmamışdı. ABŞ və İsveçrənin maliyyə tənzimləyiciləri bu vəziyyətdən çıxmaq üçün bank sektorunu əlavə likvdilklə təmin edəcəklərini bəyan ediblər”.

Ekspert qeyd edib ki, maliyyə tənzimləyicilərinin “yumuşaq” siyasətləri və bazara daha çox pulun daxil olması investorları risklərə olan tələblərini azaltmağa və kriptovalyutalar da daxil olmaqla yeni texnologiyalara və digər riskli aktivlərə investisiya qoymağa təşviq edir:

"Bəzi ciddi investorlar öz vəsaitlərinin qorunması və mövcud vəziyyətdə daha da çox qazanmaq üçün "Bitcoin"ə investisiya ilə maraqlanmağa başlayıblar. Buna səbəb "Bitcoin"in son 3 ay ərzində digər ənənəvi aktivlər - qızıl, şirkət səhmləri, fond ideksləri və qiymətli metallardan daha yaxşı performans göstərməsi olub. Hətta ABŞ-ın aparıcı investisiya banklarından olan Goldman Sachs analitikləri "Bitcoin"i 2023-cü ilin ən effektiv aktivi adlandırıb. Mövcud vəziyyət onu göstərir ki, kommersiya bankları öz müşətrilərinin kripto-investisiyalara artan tələbini nəzərə alaraq maliyyə tənzimləyicilərinə bu sahədə olan konservativ siyasətlərini yumuşaltması üçün təzyiq edirlər”.

Elnur Quliyev əlavə edib ki, bu, bank sektrounda baş verən böhran zamanı "Bitcoin" başda olmaqla digər kriptovalyutaların mütləq şəkildə dəyər qazanacağı demək deyil:

"Bəli, ehtimal böyükdür, amma reallıq fərqli ola bilər. Bu zaman iki ssenari var:

1. Maliyyə tənzimləyiciləri maliyyə bazarındakı “alovu” söndürmək üçün bazarı pulla doldururlar. Əslində bu, artıq baş verir. Bu ssenari kriptovalyuta üçün əlverişlidir. Bankların maliyyə vəziyyəti ilə bağlı narahatlıq və maliyyə bazarlarına likvidliyin axını kriptovalyutaların qiymətlərini yüksəldəcək.

2. Bank böhranı böyüməyə davam edəcək. Belə görünür ki, bankların daha da çökməsi "Bitcoin"in dəyərinin daha da artmasına səbəb olacaq. Ancaq hər şey o qədər də sadə deyil. Əgər maliyyə sistemi daha da pisləşərsə, investorlar və maliyyə oyunçuları öz vəasitlərini “hər yerdən” çıxarmağa tələsəcəklər. Kriptovalyuta bazarı da həmçinin bundan zərər görəcək.

Likvidlik çökərsə kriptovalyutalar da dəyər itirəcək. Sonradan "Bitcoin" və digər kripto-aktivlərin özünə gəlməsi daha bir neçə il ala bilər, nəyinki ənənəvi aktivlər. Hazırkı məqamda əsas dəstək nöqtələri 26600 və 25200 dollardır. Əgər "Bitcoin" bu qiymətdən aşagı düşsə, biz yenidən 19000 dollara qədər enişi müşahidə edə bilərik”.

Ekspert əlavə olaraq bildirib ki, hazırda ABŞ hakimiyyətinin əlində müsadirə edilmiş 205.000-dən çox "Bitcoin" var. Bu faktor onu göstərir ki, yaxın gələcəkdə ABŞ üçün ilk kriptovalyutanın qiymətinin artması olduqca maraqlıdır.