USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu artıqm qonşu ölkələrdən də aşağıdır” - İqtisadçı şərh edir

08.06.2023 İqtisadiyyat
49 4
Azərbaycanda son dörd ayda iqtisadi artım cəmi 0,1 faiz olub.

Kommersant.az xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli Dünya Bankının Azərbaycanla bağlı verdiyi proqnozu şərh edərkən deyib.

Ekspert qeyd edib ki, xüsusən də neft, qaz sektorunda qiymətlərin aşağı düşməsi, hasilatın bir qədər azalması iqtisadi artıma mənfi təsir göstərib:

“Neft-qaz sektorunda bir azalma var. Bu da ümumi iqtisadi artıma mənfi təsir göstərib”.

Xalid Kərimli əlavə edib ki, Azərbaycan Mərkəzi Bankının sədri də bu günlərdə Azərbaycan üzrə iqtisadi artımın 1.8-2 faiz olacağnıı proqnozlaşdırıb:

“Xatırladım ki, ötən illər hökumətin proqnozlarında iqtisadi artım bu il üçün 3.5 faiz arası gözlənilirdi, yəni 3 faizi üstələyirdi. Amma sonradan baş verən proseslər iqtisadi artımın 2023-cü il üçün daha az olacağına dair fikirlər formalaşdırdı. Mərkəzi Bank 1.8 -2 faiz gözləyir. Dünya Bankı da azaltdı öz iqtisadi artım proqnozlarını. Bu da əsasən qeyd elədiyim kimi, neft, qaz sektorunda ortaya çıxan geriləmə səbəbindəndir. Burda həm hasilat, həm də qiymət məsələləri mövcuddur”.

Ekspert Azərbaycandakı iqtisadi artımı qonşu ölkələr- Türkiyə və Ermənistanla da müqayisə edib:

“Ermənistanda iqtisadi artım ötən il üçün 12.6 faiz olub. Azərbaycanı bir neçə dəfə üstələyib və 2023-cü ilin birinci rübündə isə bu rəqəm 12 faiz olub. Məsələn, biz indi Türkiyədəki iqtisadi vəziyyətdən narahatıq, amma Türkiyədə ötən il iqtisadi artım 5.6 faiz olub. Bu ilin dörd ayında isə 4 faiz olub. Yəni bu göstərici bizdən dəfələrlə yaxşıdır”.

Qeyd edək ki, Dünya Bankının (DB) "Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı iyun hesabatında Azərbaycanın 2023-cü il üçün ÜDM-nin artım tempi 2,2 faiz səviyyəsində proqnozlaşdırılır. Bu isə yanvardakı gözləntilərdən 0,6 faiz bənd aşağıdır.

DB-nin hesabatına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,5 faiz, 2025-ci ildə isə 2,6 faiz təşkil edəcək.

  • Əvvəlki

    Naci Görürdən zəlzələ xəbərdarlığı

Digər xəbərlər