İran əvvəllər də etirazlarla qarşılaşıb. Bu etirazların sonuncusu 2022-ci ildə olub. Bəs indiki etirazları əvvəlki etirazlardan miqyası, məqsədi və beynəlxalq konteksti baxımından fərqləndirən nədir?
Bir çox ekspert və şahidin sözlərinə görə, İranda hökumət əleyhinə etirazlar İslam Respublikasının 47 illik tarixində görünməmiş səviyyəyə çatıb.
İnsanlar ölkə daxilində küçələrə axışıblar. ABŞ prezidenti Donald Tramp hakimiyyət orqanları etirazçıları yatıracağı təqdirdə "ağrıyan yerə güclü zərbə vuracağı" ilə hədələyib.
Tramp həmçinin ABŞ-ın "kömək etməyə hazır olduğunu" bildirib.
İran rəsmiləri də öz növbəsində belə bir vəziyyətdə ABŞ-ın regiondakı müttəfiqlərinə hücum edərək qisas alacaqlarına söz veriblər.
Bəs bu etirazlar və İran hökumətinin üsyanlara reaksiyası ölkədəki keçmiş etiraz və nümayişlərdən nə dərəcədə fərqlənir? Bu məlumatı BBC Türkcə tərtib edib.
Geniş əhatə dairəsi
Ekspertlər bu ilki etirazların miqyasının görünməmiş dərəcədə olduğunu düşünürlər.
Sosioloq Eli Xorsandfar deyir ki, mitinqlər yalnız İranın böyük şəhərlərində deyil, həm də "bir çox insanın heç vaxt eşitmədiyi" kiçik şəhərlərə yayılır.
İran əvvəllər də etirazlara şahid olub.
2009-cu ildəki "Yaşıl Hərəkat" seçki saxtakarlığı iddialarından sonra orta təbəqənin etirazlarına rəhbərlik edib.
Həmin etirazlar irimiqyaslı idi və əsas şəhərlərdə cəmləşmişdi.
Lakin 2017 və 2019-cu illərdə baş verən digər genişmiqyaslı etirazlar daha kasıb bölgələrlə məhdudlaşmışdı.
İrandakı hazırkı nümayişlərlə müqayisə edilə bilən ən yaxın etirazlar 2022-ci ildə 22 yaşlı Mahsa Amininin həbsdə ölməsindən sonra baş vermişdi.
Gənc qadın İran əxlaq polisi tərəfindən hicab taxdığına görə həbs edilmişdi.
Amininin ölümündən sonra etirazlar sürətlə artdı və çoxsaylı təşkilatların məlumatına görə, altı gün sonra pik həddə çatdı.
Əksinə, hazırkı etirazlar 28 dekabrda başlayandan bəri daha böyük, daha geniş və daha davamlı şəkildə böyüyür.