USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Venesuela neft satışından əldə etdiyi gəliri açıqladı

21.01.2026 İqtisadiyyat
0 0
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkənin neft satışından 300 milyon dollar qazandığını bildirib.

Paytaxt Karakasda keçirilən tədbirdə dövlət televiziyası VTV-yə danışan Rodrigez, Vaşinqton administrasiyasının Venesueladan 500 milyon dollarlıq neft satışından danışıb.

"İlk 500 milyon dolların 300 milyonu ölkəyə daxil olub", Rodrigez bildirib və əlavə edib ki, xam neft satışından ilk ödəniş Venesuela Mərkəzi Bankına çatıb. "Bazarın gücləndirilməsi və iqtisadi sabitliyin təmin edilməsi istiqamətində davamlı irəliləyiş əldə edirik", - deyə o bildirib.

Rodrigez həmçinin inflyasiya və valyuta bazarındakı dalğalanmalara qarşı tədbirlərin görülməsindən bəhs edərək, xarici valyuta axınının davam edəcəyini qeyd edib. Ağ Evin sözçüsü Karolin Leavitt əvvəllər Vaşinqton və Karakas arasında 500 milyon dollarlıq müqaviləni açıqlamışdı.

7 yanvarda verdiyi açıqlamada Leavitt Venesuela hökuməti üzərində maksimum təsirə malik olduqlarını iddia edərək deyib: "Biz müvəqqəti hökumətlə sıx əməkdaşlıq etməyə davam edirik və onların qərarları ABŞ tərəfindən müəyyən edilməyə davam edəcək".

ABŞ prezidenti Donald Tramp verdiyi açıqlamada Venesuelanın müvəqqəti hökumətinin ABŞ-a 30-50 milyon barel neft tədarük edəcəyini açıqlayıb.