USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı

26.02.2026 İqtisadiyyat
0 0
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Kommersant.az xəbər verir ki, məhbusların icbari tibbi sığorta xidmətlərindən yararlanma qaydaları dəqiqləşib. Baş nazir Əli Əsədov bununla bağlı Xidmətlər Zərfində dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Yeni qaydalara əsasən həbs edilmiş və müxtəlif müddətlərə azadlıqdan məhrum olunmuş şəxslərə dövlət hesabına tibbi xidmətin göstərilməsi konkret şərtlərə bağlanıb. Bu imkanlardan yalnız Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində müvafiq avadanlıq və ya kadr çatışmazlığı olduğu təqdirdə istifadə edilə bilər.

Hökumətin müəyyən etdiyi limitlərə görə bir büdcə ili ərzində bu xidmətlərdən yararlanan məhbusların sayı 1500 nəfərdən çox olmamalıdır. Eyni zamanda icbari tibbi sığorta fondunun bu məqsədlə ayırdığı illik vəsaitin yuxarı həddi 200 000 manat məbləğində müəyyənləşib. Qərar məntəqə tipli cəzaçəkmə müəssisələrində olan şəxslərə şamil edilmir.

Məhbuslara kənar tibb müəssisələrində xidmət göstərilən zaman onların mühafizəsi və təhlükəsizliyinə birbaşa Ədliyyə Nazirliyi cavabdehlik daşıyır. Bu addım məhbusların sağlamlıq hüquqlarının daha effektiv qorunmasına və ixtisaslaşmış tibbi yardıma əlçatanlığın təmin olunmasına xidmət edir.

Yeni qaydalar rəsmi dərc edildiyi gündən qüvvəyə minib.