USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qiymət artımı vəziyyətimə təsir etmir" - MİLLƏT VƏKİLİ

20.08.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti qalxıb.

Yeni tariflərə əsasən, "Premium Euro-95"in satış qiyməti 1,50 manat, "Super Euro-98" markalı benzinin qiyməti isə 1,60 manat olub.

Benzinin bahalaşmasına millət vəkilləri nə deyir?

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı "Komersant.az"a açıqlamasında bildirib ki, benzinin qiymətinin bahalaşması əhalinin böyük təbəqəsinin vəziyyətinə indiki məqamda çox təsir etməyəcək:

"Çoxluq "Aİ-92" markalı benzin işlətdiyinə görə, hazırki vəziyyətdə hələ ki, sosial rahatsızlıq ortaya qoymayacaq. Ancaq "Premium Euro-95" və "Super Euro-98" markalı yanacaqdan istifadə edən müəyyən qrup iş adamları, yaxud müəyyən kateqoriyadan olan insanlara isə öz təsirini göstərəcək. Bütün hallarda qiymətlər qalxanda əhalinin əmək haqqının da qaldırılması barədə düşünmək lazımdır. Çünki sənaye mallarının, gündəlik istehsal məhsullarının qiyməti qalxdığı ərəfədə, inflyasiyanın bu qədər sürətli olduğu vəziyyətdə, maaşların qalxmaması böyük problemlər yaradır. Mən "Aİ-92" markalı benzin istifadə edirəm. Bir istehlakçı kimi qiymət artımı, hazırda vəziyyətimə təsir etmir".

Millət vəkili Zahid Oruc da hesab edir ki, qiymət artımının ümumxalq miqyasda qəbul edilib, bütün vətəndaşların mənafelərinə zərbə kimi dəyərləndirilməsi yanlışdır:

""Premium Euro-95" idxal olunur və qərar düşünülmüş şəkildə verilib. Bunun digər markalı benzinlərə təsir edəcəyini düşünmək çox yanlış olar. Nəqliyyatda ötən dəfə baş verən qiymət dəyişikliyindən sonra bir çoxları yəqin hesab edirlər ki, benzinin bahalaşması gələcəkdə qiymət artımlarına təsir göstərə bilər. Bu, gözlənilmir. Hökumətin ən böyük vəzifələrindən biri ondan ibarətdir ki, baş verən qiymət artımlarından əhalinin aztəminatlı hissəsinə dəyə biləcək mənfi təsirlərin qarşısını ala bilsin. Hesab edirəm ki, son addım sosial-iqtisadi mühitə mənfi təsir göstərməyəcək. Əksər avtomobillərdə "Aİ-92" markalı benzindən istifadə olunur. "Premium Euro-95" bildiyim qədərilə xüsusi növ avtomobillərdə istifadə olunur. Qərb məkanında varlılardan daha çox vergi almaq siyasəti kimi tendensiya mövcuddur. Bu, mənzillərə, böyük əmlaklara münasibətdə, o cümlədən, xüsusi növ nəqliyyatlara münasibətdə özünü göstərir. Onlarla əlaqədar belə mövqe tutulur ki, varlılar daha ucuz benzindən istifadə etməsinlər. Belə olan təqdirdə onlardan daha çox ödəmələr əldə olunur".

  • Əvvəlki

    Banklar gücləndirilimiş iş rejimində çalışacaq - PALATA

Digər xəbərlər