USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSMF 1 günlük işi niyə yubadır? - AÇIQLAMA

24.08.2018 İqtisadiyyat
0 0
2004-2006-cı illərdə Azərbaycanda pensiyaların bankomatlar vasitəsilə plastik kartlarla ödənişi sistemi qurulsa da, bəzi yerlərdə təqaüdlər poçt bölmələri vasitəsilə ödənilir.

"Kommersant.az" xəbər verir ki, bu ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasında 229 nəfər əmək pensiyaçısının pensiyası poçt bölmələri vasitəsilə ödənilib. Bunun əmək pensiyaçılarının istəklərini nəzərə almaqla həyata keçirildiyi bildirilir.

Ölkə üzrə pensiyaların poçtla ödənilmə prosesinin nə vaxt başa çatdırılması planlaşdırılır?

Məsələ ilə bağlı "Kommersant.az"a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bu gün ölkənin bütün şəhər və rayonlarında əmək pensiyaları, müavinətlər, təqaüdlər, sosial yardım və s. kimi sosial ödənişlər bankomatlar vasitəsilə plastik kartlarla ödənilir:

"Ümumilikdə, hər hansı şəxsə aylıq sosial təminat növü (pensiya, sosial müavinət, təqaüd, sosial yardım və s.) təyin olunursa, həmin ödənişi bankomat vasitəsilə almaqdan ötrü banka plastik kart sifariş edilir və həmin şəxs kartla təmin olunur. Sosial təminat növü üzrə ödənişi almaq üçün plastik kartın verilməsi tam ödənişsiz həyata keçirilir, yəni vətəndaş bunun üçün heç bir vəsait ödəmir.

Eyni zamanda, birdəfəlik sosial ödəniş (məsələn, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinət, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət və s.) təyin olunan şəxslər də hər hansı bankda özlərinə hesab açdırır və birdəfəlik ödəniş həmin hesaba köçürülür. Yaxud əgər əvvəldən bank hesabları həmin hesaba, eləcə də maaş, pensiya, aylıq sosial müavinət və s. üzrə plastik ödəniş kartları varsa, həmin kart üzrə hesablara köçürülür".

Qurum rəsmisi eyni zamanda vurğulayıb ki, bununla belə, Naxçıvan Muxtar Respublikasında əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi ilə yanaşı, kənd yerlərində yaşayan ayrı-ayrı pensiyaçıların istəkləri nəzərə alınaraq pensiyaların yerli poçt bölmələri vasitəsilə ödənişi də həyata keçirilir.​

İqtisadçı ekspert Natiq Cəfərli isə redaksiyamıza açıqlamasında bildirib ki, problemin aradan qaldırılması 1 günlük işdir:

"Ölkə əhalisinin böyük əksəriyyəti təqaüdlərini kartla alır. Bəzi yerlərdə bu qalıbsa, ya yerli rəhbərliyin məsələlərə çox mühafizəkar yanaşması, yaxud xırda maraqlardan irəli gələ bilər. Bəzi hallarda poçtalyon pulu gətirərkən üzərindən 1 manat, yaxud bir neçə qəpik götürür. Ola bilər ki, həmin bölgələrdə poçt xidməti bundan kiçik bonuslar qazanır. Əslində burada o qədər də ciddi iqtisadi maraq yoxdur. Bank sistemi çoxdan bu məsələni həll etməli idi. Texniki məsələlərin və yeniliklərə açıq olmamağın nəticəsidir ki, hələ də ölkə ərazisində (Lerik, Gədəbəy və s.) belə hallara rast gəlinir ".