Yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub.
Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Kommersant.az"a daxil olmuş məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.
21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub.
"Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib",- məlumatda deyilir.
Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.
Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.
Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:
Bakı şəhəri üzrə
Nərimanov rayonu
1. Əliyar Əliyev küçəsi, 26 ("Bakı Taxıl-2" ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
2. Əlyar Əliyev küçəsi, 36a ("Təbriz" KM, Keşlə bazarı)
3. Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ" mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)
Suraxanı rayonu
1. Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı
2. Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, "V" massivi
Binəqədi rayonu
1. Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)
2. Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu ("Dördyol" adlanan yer)