USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polis Akademiyasının yeni məzunları polis orqanlarında vəzifəyə təyin ediliblər

23.08.2018 İqtisadiyyat
0 0
Avqustun 23-də Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Kommersant.az"a bildiriblər ki, nazir, general-polkovnik Ramil Usubov iştirakçıları əlamətdar hadisə - zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.
Ramil Usubov ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Daxili işlər naziri Baş Kadrlar İdarəsinin rəhbərliyinə təyinatın məzunların istək və arzuları, hazırda yaşadıqları yerlər nəzərə alınmaqla həyata keçirilməsinə dair tapşırıq verdiyini, püşkatmada iştirak edən bütün əməkdaşların müvafiq əmrlərlə zabit vəzifələrinə təyin olunacaqlarını diqqətə çatdırıb.
İştirakçılara Nazirliyə 34 iddiaçının dəvət edildiyi bildirilib və namizədlərin siyahısı elan edilib. Daha sonra gənc zabitlər orta rəis heyətinə aid müxtəlif vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.
Tədbirə yekun vuran Ramil Usubov gəncləri şərəfli olduğu qədər yüksək məsuliyyət, işgüzarlıq, mükəmməl nəzəri bilik və praktik bacarıq tələb edən orta rəis heyəti vəzifələrinə təyin olunmaları münasibətilə bir daha təbrik edib, konkret tapşırıq və tövsiyələrini verib.
O, xüsusilə qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.
Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında xalq-iqtidar birliyinin, möhtərəm Prezidentimizin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin, sabitlik, əmin-amanlıq amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Daxili işlər naziri Ramil Usubov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, öz üzərilərində işləyərək bilik və təcrübələrini, peşəkarlıqlarını daim artırmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, nizam-intizama, "Daxili işlər orqanları əməkdaşlarının etik-davranış Kodeksi"nin tələblərinə ciddi riayət etmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlilik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, Polis Akademiyasında alınmış mükəmməl nəzəri biliklərin və praktik vərdişlərin xidməti fəaliyyətdə səmərəli tətbiqini, idarəçiliyi öyrənmələrini tövsiyə edib.
Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda, Vətənə sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

  • Əvvəlki

    AİB Gürcüstandan Azərbaycana gələn əsas magistralın təmirinə 119 milyon GEL vəsait ayırıb

Digər xəbərlər