USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Oktyabrın əvvəlində STAR neft emalı zavodunun açılışı keçiriləcək”

12.06.2018 İqtisadiyyat
0 0
Bu il oktyabr ayının əvvəlində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşası həyata keçirilən STAR neft emalı zavodunun açılış mərasiminin keçirilməsi gözlənilir.

Bunu "SOCAR Turkey Enerji A. Ş"nın baş direktoru Zaur Qəhrəmanov bildirib.

Z.Qəhrəmanov qeyd edib ki, STAR zavodu üzrə işlər qrafikə uyğun davam etdirilir: "Oktyabr ayının əvvəlində STAR-ın açılışının keçirilməsi planlaşdırılır. Bu layihə həm Azərbaycan, həm Türkiyə iqtisadiyyatı üçün önəmli layihə olacaq".

"SOCAR Turkey Enerji A. Ş"nın baş direktoru xatırladıb ki, SOCAR Türkiyədə ən böyük xarici investordur:"Türkiyə bizim üçün çox vacib ölkədir. Həyata keçirilməkdə olan layihələr yekunlaşdıqda tərəfdaşlarla birgə SOCAR-ın bu ölkədəki investisiyalarının dəyəri 19,5 mlrd. dollara çatacaq".

Z.Qəhrəmanov bu gün Eskişəhərdə açılış mərasiminin keçirilməsi planlaşdırılan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin əhəmiyyətindən də danışaraq qeyd edib ki, Azərbaycandan bir neçə həftə əvvəl göndərilən qazın Türkiyədə qəbulu proseduru olacaq və bununla TANAP-ın ilk Fazası (Faza-0 hissəsi) işə düşəcək.

O deyib ki, TANAP-ın Eskişəhərdən Yunanıstan sərhəddinə qədər olan hissəsində (Faza-1) də işlər qrafikə uyğun davam etdirilir və bu hissədə işlər 82% yekunlaşıb.

Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim"in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb.

"STAR" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevə Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.

TANAP Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutur. TANAP Cənub Qaz Dəhlizi layihəsinin bir qoludur. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.TANAP-ın dəyəri 8 mlrd. dollar təşkil edir. Kəmərin ümumi uzunluğu 1850 km-dir.

SOCAR Türkiyədə həmçinin "Petlim" Konteyner Limanı, "Petkim" Külək Elektrik Stansiyası layihələrini, Türkiyədə topdan maye yanacaq, CNG və LNG satışını da həyata keçirməkdədir.

Report