İrandan Avropaya şərt - ZƏMANƏT VERMƏLİSİNİZ

24.05.2018 Energetika
İran İslam İnqilabının Ali Lideri Ayətullah Əli Xamneyi ABŞ başda olmaqla Avropa dövlətləri ilə nüvə proqramının məhdudlaşdırılması haqqındakı razılaşmanın saxlanılması üçün şərtlər irəli sürüb.

"Kommersant.Az"ın məlumatına görə, Ali Rəhbər İranın dövlət rəsmiləri ilə görüşündə bəyan edib ki, Avropa dövlətləri (Fransa, Böyük Britaniya və Almaniya) zəmanət verməlidirlər ki, heç vaxt İranın raket proqramının əleyhinə çıxmayacaq, İrandan xam neft almağa davam edəcək, iqtisadi əlaqələri xüsusilə bank sektorunda daha da genişləndirəcəklər.

Əli Xamneyi qeyd edib ki, bu şərtlər qəbul edilsə, İran nüvə proqramının məhdudlaşdırılması haqqında 2015-ci ilin iyununda imzalanmış razılaşmadan çıxmayacaq. Əks təqdirdə, İran nüvə proqramını bərpa edərək uranın zənginləşdirilməsini davam etdirəcək.

ABŞ-ın razılaşmadan birtərəfli qaydada çıxmasına toxunan Ali Rəhbər bildirib ki, bundan sonra Amerikaya inanmaq mümkün deyil.