Azərbaycanda ilk dəfə Maliyyə Texnologiyaları və Blokçeyn Forumu keçirilir

17.05.2018 İKT
Bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik” mövzusunda ikigünlük forum işə başlayıb.

“Kommersant.Az”ın verdiyi xəbərə görə, ilk dəfə keçirilən forumda İT və maliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və regional şirkətlərin nümayəndələri iştirak edirlər.

Forum maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, həmçinin əlaqədar təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyaların müzakirə edilməsini nəzərdə tutur. Məqsəd maraqlı tərəflərin bu yeniliklər barədə geniş məlumatlandırılması, maliyyə qurumları və digər təşkilatların innovasiyalara dair vizyonunun formalaşdırılmasına dəstək və yeni texnologiyaların cari fəaliyyətlərində tətbiqi imkanlarının araşdırılmasıdır.

Üç paneldən ibarət olan forumda blokçeyn və kriptovalyutalar sahəsində Avropa və ABŞ trendləri, yeni imkanlar və yeni risklər, bank sektorunda süni intellektin tətbiqi, məlumatların təsnifləşdirilməsi və mühafizəsi, rəqəmsallaşmada təhlükəsizlik məsələləri, ATM və ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı mövzular və xarici ölkərlərin təcrübələri əhatə olunacaq.