USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taksi fəaliyyəti ilə bağlı yeni qaydalar - Nəqliyyat eksperti açıqlayır

12.06.2023 Digər
16 26
“Milli Məclisə təqdim edilən Avtomobil nəqliyyatı haqqında qanuna dəyişikliklər barədə gözlədiyimiz məqamlar öz əksini tapır. Yəni, tam da olmasa, müəyyən məqamlar taksi fəaliyyətini nizamlamaq barədə ciddi siqnalların olduğundan xəbər verirdi və bu, artıq reallaşmağa başlayır”.

Kommersant.az xəbər verir ki, bu sözləri nəqliyyat məslələri üzrə ekspert Yasin Mustafa “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanuna əlavələri şərh edərkən deyib.

Ekspert bildirib ki, bu sahədə islahatların aparılması artıq həyata keçirilməyə başlayıb:

“Qanun layihəsini gözdən keçirdiyimiz zaman görərik ki, taksi fəaliyyəti ilə bağlı elə məsələlər var ki, ayrıca ciddi bir məsələ olduğu üçün bir az daha ciddi yanaşmalıyıq.

Daha detallı incələmələr apararaq sürücülərin təyin edilməsində, onların xarakteri, onların sürücülüyə yarayıb-yaramamaqları və s kimi məslələrdə daha diqqətli olmalıyıq. Çünki hər birimizin əzizi, hər birimizin ailə üzvü və yaxud da ölkəmizə gələn qonaqlar bu fəaliyyətdən istifadə edirlər və kifayət qədər də bu sahədə baş verən çatışmazlıqlar bizə çox baha başa gəlir”.

Xarici şirkətlərin də ölkəmizdə bu qanundan sonra necə fəaliyyət göstərməsi haqqında danışan Yasin Mustafa bildirib ki, indi qanun layihəsində nəzərdə tutlub ki, xaricdə təsis olunan şirkətlərin burada fəaliyyətə ancaq xüsusi icazə ilə olacaq:

“Hüquqi şəxslər 40000 manat, fiziki şəxslər 20 manat cərimə tətbiq olunacaq. Bu yaxşı addımdır. Çünki onların fəaliyyətindəki nöqsanlar artıq aradan qalxmağa başlayacaq, nöqsan olduğu halda isə onun lisenziyası ləğv olunacaq”.

Yasin Mustafa qeyd edir ki, bu dəyişikliklə xarici qeydiyyatlı avtomobil, nəqliyyat vasitələrinin ölkədə artıq bu fəaliyyətlə məşğul olmağı qadağan edilir:

“Bu da gözəl təklifdir. Çünki bilinmir mənşəyi, milliyyəti, keyfiyyətləri, amma gəlir bu ölkədə ölkəmizdə taksi fəaliyyəti ilə məşğuldur. Bu da kifayət qədər ciddi problemlər yaşadır, problemlə üzləşməyə bizə imkan verirdi”.

Həmsöhbətimiz əlavə olaraq bildirib ki, taksometrlər və yaxud da digər məlumatları özündə əks etdirə bilən taxoqrafların quraşdırılması təklif edilir:

“Təbii ki, bu da gecikmiş bir qərardır. Əlbəttə, bunları biz çoxdan etməliydik. Düzdür, indi onlayn taksi sifariş verərkən bizə zaman müddətini və yaxud da gedəcəyimiz yola sərf edəcəyimiz vəsaiti göstərir.

Bu yeni təklif edilən avadanlıqlar isə ciplər ilə işlədiyi üçün, həmçinin real vaxt rejimində avtomatik mərkəzi bazaya avtomatik məlumatlar ötürdüyü üçün burada artıq taksinin harada olduğuna, hara gedib gəldiyinə, nə qədər işlədiyinə, nə qədər dayandığına və s artıq nəzarət etmək mümkün olacaq. Yəni, asan dildə desək, məsələn, taksi səhər saat yeddidən, axşam saat ona qədər işləməyini biz ordan görəcəyik. Məsələn, onun getdiyini, hərəkətdə olduğu müddəti, dayandığı müddəti, haralara getdiyini və s və yaddaşa yazılacaq. Yəni, bu taksi fəaliyyətinə müəyyən yeniliklər müəyyən düzənləmə, müəyyən nizam-intizam gətirəcək”.