USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Paşinyanın bu bəyanatla çıxış etməsi situativ xarakter daşıyır” - Elman Nəsirov

18.04.2023 Siyasət
22 4
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən İrəvanın heç bir ölkəyə ərazi iddiasının olmadığını bildirib, ölkəsi və region üçün "sülh gələcək" vədini verib.

Tez-tez mövqe dəyişən Paşinyanın bu çıxışını Azərbaycanla münasibətlərin bərpasına, sülh müqaviləsinin imzalanmasına razılıq kimi qəbul etmək olarmı?

Kommersant.az məsələni Milli Məclisin deputatı Elman Nəsirovla müzakirə edib.

Elman Nəsirov hesab edir ki, Paşinyanın indiki halda belə bir bəyanatla çıxış etməsi situativ xarakter daşıyır və sabah Paşinyanın bu gün dediyindən fərqli bir mövqe sərgiləyəcəyinə qətiyyən şübhə etmək lazım deyil:

“İlk baxışdan maraqlı və kifayət qədər konstruktiv mövqeli bir yanaşmadır. Amma düşünəndə ki, bunu səsləndirən Nikol Paşinyandır, dərhal ağıla ikinci bir versiya gəlir. Görəsən, bu mövqeni Paşinyan niyə ifadə edib, hansı məqsəd güdür? Həm də təəccüblənmirsən. Çünki Paşinyan Moskvada olarkən bir bəyanat verib, Vaşinqtonda başqa, Parisdə başqa. İrəvanda isə tam başqa bəyanat... Getdiyi məkan və yerdən asılı olaraq mövqeyini dəyişir. Təki Paşinyan ağlını başına yığıb, bu mövqedən addımlar atsın”.

Deputat əlavə edib ki, artıq Paşinyanın verdiyi bəyanatlara inanmaq sadəlövhlük olardı:

“Paşinyan manevrlər etməklə məşğuldur. Ölkə daxilində təzyiqlər gücləndikdə Paşinyan qırğıya çevrilərək, kompramizsiz, güzəştsiz bir siyasətçi obrazını formalaşdırmaq istəyir. Lakin regionda sülh və təhlükəsizlik məsələlərini müzakirə olunduğu məkanda isə o göyərçin obrazında çıxış etməyə üstünlük verir. Bu reallıqdır. Biz Paşinyanın hakimiyyətdə olduğu müddətdə dəfələrlə belə dəyişkən mövqe göstərdiyinə şahidlik etmişik”.

Elman Nəsirov bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Bunun üçün 5 baza prinsipini də irəli sürüb:

“Ölkə rəhbəri İlham Əliyevin prinsipləri və qətiyyətli mövqeyi var. Bu mövqe ilə Ermənistan da tanışdır. Gözləyək ki, Ermənistan da adekvat addımlar atsın. Ancaq hələlik sözdən uzağa gedən bir davranış yoxdur, Paşinyanın "xeyir-duası"ndan sonra ağır atletika üzrə dünya çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması, Azərbaycan və Türkiyə bayraqlaırnın sosial şəbəkələrin Ermənistan seqmentində cırılmış halda təqdim edilməsi onu göstərir ki, Ermənistan sülh prosesindən xeyli uzaqdır. Hər dəfə də təxribat, insident yaratmaq əslində sülh müqaviləsinin imzalanmasına maraqlı olmadığını göstərir. Yalnız bəyanatlar sülh müqaviləsinin istədiklərini göstərir”.

Elman Nəsirov qeyd edib ki, indiki durumda Paşinyanın əsas niyyəti hakimiyyətini qoruyub saxlamaqdır:

"Hakimiyyəti qoruyub saxlamaq üçün isə manevr etmək lazımdır. İndi Paşinyan məhz bununla məşğuldur”.